DÇ: Həsrət Cəfərov finalda Hovannisyanla üz-üzə
Bu gün Rusiyanın Ufa şəhərində güləş üzrə gənclərin dünya çempionatına yekun vurulacaq.
Sportline.az xəbər verir ki, son gündə Azərbaycanın üç yunan-Roma güləşçisi medallar uğrunda mübarizə aparacaq.
Əvvəlcə xalçaya 72 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Xasay Həsənli çıxacaq. İdmançımız təsəlliverici görüşdə belaruslu Andrey Kovalevski ilə üz-üzə gələcək. 2019-cu ildə Bakıda keçiriən Avropa Gənclərinin Olimpiya Festivalının qalibi rəqibini üstələyəcəyi təqdirdə ermənistanlı Şant Xaçatryanla "bürünc" uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanacaq.
Yarımfinalda Rusiya təmsilçisinə məğlub olan Nihat Məmmədli (60) birbaşa üçüncülük görüşünə çıxacaq. AGOF 2019-un bürünc mükafatçısı dünya üçüncülüyü uğrunda Misir və Özbəkistan güləşçiləri arasında təsəlliverici görüşün qalibi ilə üz-üzə gələcək.
Həsrət Cəfərov (67 kq) isə final görüşünə hazırlaşır. AGOF 2019 və bu ilin iyulunda Dortmundda keçirilən gənclərin Avropa çempionatının qızıl, U-23 AÇ-nin isə bürünc mükafatçısı olan idmançımız ermənistanlı Sahak Hovannisyanla münasibətləri aydınlaşdıracaq.
Təsəlliverici qarşılaşmalar Bakı vaxtı ilə 15:00-da başlayacaq. Medallar uğrunda həlledici mübarizəyə 17:00-da start veriləcək.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizin DÇ-də rəsmiləşmiş iki medalı var. Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) bürünc mükafat qazanıb.