Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
Azərbaycanın iki yunan-Roma güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 87 kq-da mübarizə aparan Laçın Vəliyev finala gedən yolda niderlandlı Tirone Stekelenburqla qarşılaşıb. Rəqibinə 1:4 hesabı ilə uduzan idmançı bürünc medal uğrunda güləşəcək.
130 kq çəki dərəcəsindəki Sərxan Məmmədov isə yarımfinalda yunanıstanlı Nikolaos Ntuniasa 3:2 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.
Azərbaycanın digər güləşçilərindən Elmir Əliyev (55 kq) və Ziya Babaşov (63 kq) rəqibləri finala çıxdığı üçün təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq. Əliyev türkiyəli Adem Burak Uzunla, Babaşov isə iranlı İman Husseyn Xon Məhəmmədi ilə üz-üzə gələcək.
77 kq-da yarışan Elcan Məmmədov isə dünya çempionatı ilə vidalaşıb.