Dünya çempionatında daha 2 medal
Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında Azərbaycanın daha 2 sərbəst güləşçisi medal qazanıb.
Sportline.az xəbər verir ki, Turan Bayramov və Saqadulla Ağayev bürünc medala sahib olub.
74 kq çəki dərəcəsində yer alan Turan Bayramov 1/8 finalda almaniyalı Stas Volfu vaxtından əvvəl xalçadan məyus yola salıb. ABŞ təmsilçisi Kiqan Otoole ilə 1/4 final qarşılaşmasında o, 5:1 hesabı ilə öndə olsa da, yekunda rəqibinə uduzub. Amerikalı güləşçinin finala çıxması Bayramova təsəlliverici görüşdə iştirak hüququ verib. Macarıstan pəhləvanı Balint Balaş xalçaya çıxmadığı üçün azərbaycanlı güləşçi birbaşa 3-cü yer uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Rusiya təmsilçisi İdar Xatanovla həlledici görüş gərgin mübarizə şəraitində keçib. Yekunda minimal hesabla qələbə qazanan Bayramov dünya üçüncüsü olub.
86 kq çəkidəki Saqadulla Ağayev debütdə qırğızıstanlı Samatbek Uuluya qalib gəlsə də, 1/4 finalda Fransa təmsilçisi Rahim Məhəmmədova yenilib. Uduzduğu rəqibin finala yüksəlməsi milli üzvünə bürünc medal şansı verib. Təsəlliverici görüşdə moldovalı Yon Demyandan üstün olan Ağayev daha sonra Türkiyə pəhləvanı Emre Çiftçini də yenərək, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Digər sərbəst güləşçilərdən Əbülfəs Nəsirov (61 kq) və Aydın Əhmədov (125 kq) bürünc medal görüşlərindən məğlub ayrılaraq, 5-ci yeri tutublar.
Abdulcəlil Şabanov (92 kq) ikinci görüşündə uduzub və mübarizəni dayandırıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 sərbəst güləşçisi - Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb.