"Futbolçular təlim-məşq toplanışında özlərini yaxşı tərəfdən göstəriblər"

"Azərbaycan millisinin futbolçuları sabah Latviya ilə keçirəcəkləri yoldaşlıq matçından öncə baş tutan təlim-məşq toplanışında özlərini yaxşı tərəfdən göstəriblər".

Sportline.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib.

O, futbolçuların məşqlərdə özlərini yaxşı göstərdiklərini və bütünlüklə sabahkı matça kökləndiklərini bildirib:

"Futbolçular təlim-məşq toplanışında özlərini yaxşı tərəfdən göstəriblər. Oyunda onlardan nələr tələb etdiyimi anlayırlar. Bəzi futbolçular ölkə kubokunun final oyunundan sonra kollektivə qoşulublar. Buna baxmayaraq, eyni tempdə hazırlaşıblar. Bütünlüklə sabahkı oyuna köklənmişik".

Portuqaliyalı mütəxəssis çətin oyun olacağını söyləyib:

"Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəziləri məşqlərə gec qoşulmalarına baxmayaraq, ümumilikdə yaxşıdırlar. Kubokun finalından sonra komandaya qatılan oyunçularla son 2-3 gün ərzində yalnız taktiki məşqlər üzərində çalışa bildik. Dünən bərpa məşqləri keçmişik. Çempionatın yeni bitməsi, yorğunluq bəhanə ola bilməz. Çünki Latviyada hələ çempionat davam edir. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Bunu meydanda göstərəcəklərinə inanıram"

Baş məşqçi Almaniyanın "Nürnberq" klubundan ayrılan Mahir Emrelinin durumu ilə bağlı sualı da cavablandırıb:

"Klubunda çox istəkli idi və bunu meydanda göstərirdi. Onunla danışığımız olub. Hazırda vacib olan odur ki, özünə yaxşı klub tapsın".

F.Santuş zədələnərək kənarda qalan Bədavi Hüseynovun mövqeyinə əlavə futbolçu çağırmağa ehtiyac olmadığını deyib:

"Bədavi Hüseynov zədələndiyi üçün düşərgəni tərk etmək məcburiyyətində qaldı. Həmin mövqeyə 7 oyunçu dəvət olunmuşdu. Bu səbəbdən əlavə futbolçu çağırmağa ehtiyac duymadım".

70 yaşlı məşqçi kapitan sarğısını Emin Mahmudovun taxacağını vurğulayıb:

"Sabah ilk "11-lik"də yer alsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin komandanın penalti vuranı da o olacaq".

Qeyd edək ki, Latviya - Azərbaycan matçı iyunun 7-də Riqadakı “Skonto” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.