Hansi Flik Arsenalın müdafiəçisini “Barselona” da görmək istəyir
“Barselona”nın baş məşqçisi Hansi Flik komandanın müdafiə xəttini gücləndirmək üçün yeni transfer istəyib.
Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, alman mütəxəssis klubun idman direktoru Dekoya Piyero Hinkapiye transferinin reallaşdırılmasını tövsiyə edib. Flikin bu transferi istəmə səbəbi ekvadorlu futbolçunun həm sol cinah müdafiəçisi, həm də sol mərkəz müdafiəçisi kimi çıxış edə bilməsidir.
Bundan əlavə Deko ötən həftənin bazar ertəsi futbolçunun meneceri ilə görüş keçirib və tərəflər arasında danışıqlar artıq xeyli irəliləyib. Transferin dəyəri təxminən 60-65 milyon avrodur. Hazırda keçidin reallaşmasının yalnız an məsələsi olduğu vurğulanır.
“Barselona” rəhbərliyi yaxın günlərdə danışıqları yekunlaşdıraraq transferi rəsmiləşdirməyə çalışacaq.
Qeyd edək ki, Piyero Hinkapiye "Bayer"dən London klubuna 2025-ci ilin yayında icarə əsasında keçib.