Hərracda trikosunu fantastik qiymətə satan güləşçi kimdir?

Tokio 2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Qırğızıstan güləşçisi Akjol Mahmudov Olimpiadada geyindiyi trikosunu hərraca çıxarıb.

Sportline.az xəbər verir ki, gənc iş adamı Babur Tolbayevin təşkilatçılığı ilə paytaxt Bişkekdə keçirilən hərracda yunan-Roma güləşçisinin üzərində köpəkbalığı rəsmi olan qırmızı rəngli geyimi 6500 dollara satılıb. Tədbirə qatılan digər şəxslər də idmançıya üst-üstə 19500 dollar bağışlayıb.

Əldə olunan 26 min dollar gəliri xeyriyyə məqsədilə istifadə edəcəyini açıqlayan Mahmudov sosial şəbəkə hesabında bunları yazıb: "Uşaqlıqdan bu yana arzulamışam ki, Olimpiadada çempion olum və ehtiyaclı ailələrə əl tutum. Məktəblər, məscidlər, yollar inşa etdirmək xəyalları qurmuşam. Bu gün xəyallarımı gerçəkləşdirmək yolunda ilk addımı atdım".

Qeyd edək ki, 77 kiloqram çəki dərəcəsində yarışan qırğız güləşçi Tokio 2020-nin 1/4 finalında Azərbaycan təmsilçisi Rafiq Hüseynovu məğlub etmişdi. Mahmudov finalda macarıstanlı Tamaş Lorintsə uduzmuşdusa, təsəlliverici görüşlərə qatılan Hüseynov tunisli Lamjed Maafi və erməni Karapet Çalyanı üstələyərək, Olimpiya Oyunlarını bürünc medalla başa vurmuşdu.