Millətlər Liqası: Qitə çempionatına qısa yol, yoxsa...  – LAYİHƏ

SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həll yollarının göstərilməsi; futbolumuzun tarixi: heç kim və heç nə unudulmur; qadın futbolunun durumu və mövcudluq perspektivləri” adlanan layihə çərçivəsində 4-cü yazını təqdim edir.

Bu dəfə milli komandamızın 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə yollanmaq şanslarından bəhs edəcəyik. Düzdür, hələ qitə çempionatının seçmə mərhələsi başlamayıb, püşkatma keçirilməyib. Amma UEFA-nın bu ildən tətbiq etməyə başladığı yenilik bizim üçün əla fürsət yaradıb. Azərbaycan millisini Avropa çempionatının final mərhələsinin iştirakçıları arasında təsəvvür etmək belə bir qədər çətin, bizim üçün hətta əlçatmaz arzu kimi görünür. Unutmaq lazım deyil ki, bir vaxtlar klublarımız barəsində də bu cür düşünür, bizimkiləri avrokubokların qrup mərhələsində görmək arzusu ilə alışıb yanırdıq. Arzumuza çatdıq, özü də artıqlamasıyla. Əvvəlcə “Neftçi”, daha sonra isə “Qarabağ”la “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla bizə əsl həyacan yaşatdılar, qitənin tanınmış klublarını yollarını Bakıdan salmağa məcbur etdilər. Son dörd ilin dəyişməz Azərbaycan çempionu “Qarabağ” bir qədər də uzağa getməyi, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyi bacardı. Deməli, istək və əziyyət olan yerdə mümkünsüz heç bir şey yoxdur. Futbolda qarşına məqsəd qoymalı, həmin məqsədə çatmaq üçün düzgün strategiya müəyyənləşdirməli və addım-addım irəliləməlisən. Klublarımız nəhənglərlə bir sırada dayanmağı bacarıbsa, bunu millimiz də bacar bilər. Yetər ki, ağıllı və uzaqgörən strategiya ilə məqsədimizə doğru irəliləyək, düzgün inkişaf yolu keçək. Qeyd etdiyimiz kimi, UEFA Millətlər Liqası da bu yolu bizim üçün daha da asanlaşdırır, Avropa çempionatının final mərhələsini bizə əlçatan edir.

Millətlər Liqasıyla ilk tanışlıq

Çoxdandı ki, Avropanın aparıcı futbol ölkələri UEFA-ya təzyiq göstərir, qitə futbolunda sinifləşmənin zəruri olduğunu iddia edirdilər. Onlar ulduz futbolçuların autsayder komandalarla qarşılaşmalarda zədə alması təhlükəsindən, bəzən heç bir əhəmiyyət kəsb etməyən oyunlara görə uzaq səfərlərə çıxmalarından narazı idilər. Almaniya, İngiltərə, İtaliya kimi ölkələrdə mütəxəssislər, “top-klublar”ın məşqçiləri bu cür oyunlardan yayınmaq üçün UEFA-ya təklif edirdilər ki, “cırtdanlar” əvvəlcə öz aralarında hansısa turnirdə mübarizə aparsınlar və bu turnirin qalibi sonda güclülərlə oynamaq hüququ qazansın. Bu istiqamətdə müxtəlif təkliflər səsləndirilirdi. Nəhayət ki, UEFA təzyiqlər qarşısında geri çəkildi və təklifləri qismən nəzərə aldı. Düzdür, hələlik bu turnirin seçmə mərhələlərin hansınısa əvəz etməsi barədə konkret plan yoxdu. Millətlər Liqasını təşkil etməklə UEFA yoxlama görüşlərini vahid sistemli, konkret reqlamenti olan turnir formasına salmağı bacardı. Motivasiyanı artırmaq məqsədi ilə isə hər liqanın qalibinin qitə çempionatının final mərhələsinə vəsiqə qazanacağı elan olundu.

UEFA Millətlər Liqasının yekun reqlamenti  4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Reqlamentə görə 55 komanda 2017-ci il UEFA milli komandalar sıralamasında tutduqları mövqeyə görə A, B, C, D divizionuna ayrılacaqdı. A və B divizionunda 12 , C divizionunda  15, D divizionunda isə 16 komandanın olması nəzərdə tutulmuşdu. Bu ilin yanvar ayının 24-də isə Millətlər Liqasının püşkü atıldı. Əvvəlcədən məlum olduğu kimi, Azərbaycan millisi D divizionunda mübarizə aparacaq. Bu dvizionda komandalar dörd qrupa bölündü və püşk millimizi III qrupda Kosovo, Farer adaları və Malta ilə rəqib etdi. Reqlamentə əsasən qrup qalibləri əvvəlcə yarımfinal oyunlarında qarşılaşacaqlar. Cütlüklərdən qalib ayrılanlar isə finalda üz-üzə gələcəklər və finalda sevinən tərəf 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak hüququ qazanacaq.

Əvvəlcə digər qrupların iştirakçılarının adlarına diqqət yetirək:

I qrup: Andorra, Qazaxıstan, Latviya, Gürcüstan.

II qrup: San Marino, Moldova, Lüksemburq, Belarus.

IV qrup: Cəbəllütariq, Lixtenşteyn, Ermənistan, Makedoniya.

İlk baxışdan rəqiblərin adı elə də qorxulu deyil. Bu komandaları məğlub etmək, D liqasının qalibi adını qazanmaq elə də çətin görünmür. Sözsüz ki, rəqiblərə ciddi yanaşmaq, hər bir qarşılaşmaya yaxşı hazırlaşmaq mütləqdir. Təqvimə əsasən millimiz qrupdakı ilk oyununu doğma meydanda Kosovoya qarşı keçirəcək, həmin qarşılaşma sentyabrın 7-də, saat 21:00-da start götürəcək. Növbəti oyun isə səfərdədir. Millimiz üç gün sonra Maltanın qonağı olacaq. Həmin qarşılaşma saat 23:45-də başlayacaq. Ümumiyyətlə, qrupda keçirəcəyim bütün oyunların saatları belədir. Yəni, Bakıda keçirəcəyimiz oyunların start fiti 21:00-da, səfərdə isə 23:45-də səslənəcək. 11 oktyabrda millimiz səfərdə Farer adaları ilə qarşılaşacaq. 14 oktyabrda Maltanı qəbul edəcəyik. Növbəti oyunumuz da doğma meydanda olacaq. Noyabrın 17-də Farer adalarını sınağa çəkəcəyik. Qrupda son oyunumuz isə səfərdədir və Kosova ilə noyabrın 20-də qarşılaşacağıq.

Bu qrupu qalib bitirməyi bacarsaq, dekabrda keçirilən püşkatmanı gözləyəcəyik. Liqaların yarımfinal və final oyunları isə 2019-cu ilin 5-9 iyun tarixlərinə nəzərdə tutulub.

Millətlər Liqasına necə hazırlaşacağıq?

Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunmasından sonra azarkeşlərin də, idman mətbuatının da komandaya inamı artıb. İndi çoxları Qurbanovun “Qarabağ”da olduğu kimi, millidə də böyük uğurlara imza atacağına inanır. Bunun üçün isə Millətlər Liqası əla fürsətdi. Artıq demək olar ki, Millətlər Liqasına ciddi hazırlaşmağa başlamışıq. Məlum məsələdi ki, nə Farer adaları, nə də Malta millisi bizə qarşı “açıq futbol” sərgiləməyəcək, hücum etməyə meyl göstərməyəcək. Kosovo millisi də son seçmə mərhələdə parlaq oyun sərgiləmədi, məhsuldarlıq göstərmədi. Deməli, rəqiblərin heç birindən hücum futbolu gözləməyə dəyməz. Onlar bizimlə oyunlarda əsasən müdafiənin qayğısına qalacaq, əks-hücuma bel bağlayacaqlar. Qapanmış rəqibə qarşı oynamaq isə həmişə bizim üçün çətin olub. Tarixə baxsaq, bunun bir daha şahidi olarıq. Çünki biz özümüz həmişə oyunu müdafiədən qurmuşuq, hücum futbolu oynamaqdan çəkinmişik. Bu tunirdə bizə qarşı oynayacaq komandaların müdafiəyə üstünlük verəcəyini Qurban Qurbanov hazırlıq məqsədi ilə keçirilən yoxlama oyunları üçün rəqib seçərkən də nəzərə alıb. Millətlər Liqasının startına qədər yoxlama oyunlarında qarşılaşacağımız rəqiblərin adlarına baxanda bunu hiss etmək çətin deyil.

Artıq belə rəqiblərin biri ilə sınağımız geridə qalıb. Yanvarın 30-da millimiz Türkiyənin Antalya şəhərindəki “Mardan” İdman Kompleksində Moldova ilə qarşılaşdı. Həmin görüşdə hesabın açılmaması görüləcək işlərinin çoxluğunun göstərici idi. Bir daha əyani şəkildə gördük ki, hücum potensialımız xeyli zəifdi və qapanan rəqiblərin müdafiəsini yarmaq bizim üçün çox çətindir. Yeganə təskinliyimiz bu qarşılaşmada orta xəttin sürətli futbolçuları Araz Abdullayevlə Dmitri Nazarovun iştirak etməməsidir. Millimz martda növbəti təlim-məşq toplanışına yığışacaq. Həmin toplanış çərçivəsində iki yoxlama görüşünün keçirilməsi də nəzərdə tutulub. İlk oyunu Bakı Olimpiya Stadionunda Belarus millisinə qarşı keçirəcəyik. Həmin görüşün start fiti martın 23-də, saat 20:00-da səslənəcək. Bu görüşdən sonra futbolçularımız Türkiyəyə yolanacaq, martın 27-də Antalyada Makedoniya ilə qüvvəsini sınayacaq. Mayın 29-da Bakıda daha bir yoxlama görüşü keçirəcəyik, rəqibimiz isə Qırğızıstan millisi olacaq. Növbəti oyun üçün millimiz yenə səfərə çıxacaq, iyunun 9-də Riqada Latviyanı sınağa çəkəcək.

Arif Əsədov: “Unutmayaq ki, Millətlər Liqası rəqiblərimiz üçün də tarixi şansdır”

Bu dəfə müsahib olaraq Arif Əsədovu seçdik. Hazırda “Sabah”ı çalışdıran 48 yaşlı mütəxəssislə həm Millətlər Liqasının qitə çempionatına yollanmaq şanslarımızı artırmasıyla bağlı, həm də qrupdakı rəqiblərimiz barədə söhbətləşdik.

- UEFA yeni bir turnirin keçirləməsinə qərar verib. Artıq sizin də xəbəriniz var ki, Azərbaycan da bu turnirin, yəni Millətlər Liqasının iştirakçılarından biridir. İlk baxışdan elə görünür ki, bu turnir bizim 2020-ci ildə keçiriləcək Avropa Çempionatının final mərhələsinə qatılmaq şanslarımızı artırıb. Bəs siz necə düşünürsünüz?

- Bu fikirlərlə mən də razıyam. Seçmə mərhələlərdəki nəticələrimiz göz qabağındadı. Bunu real gücümüzün göstəricisi kimi qəbul etməliyik. Bizdən qat-qat güclü rəqiblərlə, təcrübəli ortabablarla rəqabətdən qalib çıxmağımız çox çətindir. Elə buna görə də illərdi ki, qrup sonuncusu olmamaq üçün mübarizə aparırıq, ən yaxşı halda 4-cü pilləyə yüksəlməyi bacarırıq. Hələlik qrupda 3-cü yeri tutan komandanın belə final mərhələsinə yollanacağı seçmə mərhələ reqlamenti yoxdur, nəinki 4-cü yer tutan qrupdan çıxsın. Biz isə yaxın illər ərzində yalnız nəticələrimizi yaxşılaşdırmaq, pillə-pillə irəliləmək barədə düşünməliyik. Birdən-birə o qədər güclənməyimiz və növbəti tsikldə qrup liderliyi, yaxud da ikinci yer uğrunda mübarizə aparacağımız real deyil. Söhbət təkcə bizdən getmir, eləcə də futbolunun səviyyəsi bizimlə eyni olan ölkələr üçün bu fikrim keçərlidir. Ona görə də Millətlər Liqasının daha qısa yol olduğunu, yaxşı şans yarandığını qəbul etmək lazımdır. Yeni turnirdə uğurla çıxış edə bilsək, Avropa çempionatının final mərhələsinə yüksələ bilərik. Amma bu da o demək deyil ki, artıq bütün qapılar üzümüzə açıqdır, asanlıqla həmin vəsiqəni bizə verəcəklər. Unutmayaq ki, bizim zəif gözüylə baxdığımız rəqiblər də eyni düşüncə ilə bu turnirə yanaşırlar. Onlar üçün də tarixi bir şans yetişib. Zəiflər də güclənmək, ələ düşən fürsətdən maksimum yararlanmaq arzusundadırlar. Ümumiyyətlə, UEFA bu turniri təşkil etməklə zəif sayılan, autsayder adlandırılan ölkələrə şans verməyi, bununla da final mərhələlərinə yeni iştirakçılar qatmağı hədəfləyib. Bu baxımdan turnirə asan yol kimi baxmamalıyıq, ciddi hazırlaşmalıyıq.

- Rəqiblərimizlə bağlı məsələyə toxunmaq istəyirdik. Özünüz də bunu vurğuladınız ki, digər zəif millilərin də əlinə şans düşüb və hər kəs sona qədər bu şans üçün mübarizə aparacaq. Artıq qrupdakı rəqiblərimiz bəllidir. Onların arasında 1-ci olmaq lazımdır ki, yolumuza davam edək...

- Bəli, rəqiblərimizin kimliyini bilirik, güclərinə də az-çox bələdik. Malta və Farer adalarına köhnə tanışlar da demək olar. Onlarla qarşılaşmışıq da, həm də seçmə mərhələlər ərzində bir çox oyunlarını görmüşük. Təvəzökarlıqdan uzaq olsa da, deməliyik ki, bu iki rəqibin ikisindən də güclüyük. Futbolçularımız peşəkardılar, həm klubda, həm də millinin heyətində yetərincə təcrübəyə sahibdirlər. Bütün göstəricilərə görə Malta və Farer adalarından öndəyik. Onlarla qarşılaşmalarda həm evdə, həm də səfərdə çətinlik çəkməməliyik. Bir qədər Kosovanı “sirli qutu” hesab edə bilərik. Dünya futbol ailəsinə yeni qoşulublar. Amma Balkan yarımadasında futbolun səviyyəsi, ənənələri hamımıza çoxdan məlumdur. Orda milli komanda yeni yaradılsa da, yaxşı futbolçulara sahibdirlər. Düşünürəm ki, qrup qalibi olmaqdan ötrü bizimlə məhz Kosovo mübarizə aparacaq. Belə eynisəviyyəli rəqiblərin oyununda komandaların öz aralarındakı oyunun nəticələri ön plana çıxır. Çalışmalıyıq ki, Kosovo ilə qarşılaşmalarda büdrəməyək, onlara xal verməyək. Onlarla qarşılaşmaların hər biri 6 xallıq oyunlar olacaq.

Belə turnirlərdə uğurlu start götürmək də vacibdir. İlk oyunda qazanılan qələbə növbəti görüşlərdə də özünü göstərəcək, psixoloji üstünlük bizim tərəfimizdə olacaq, futbolçularımızın özlərinə inamı artacaq. Bu mənada turnirə qələbə ilə başlamalıyıq. Özü də mübarizəyə evdə Kosovo ilə oyunla başlayacağıq. Deməli, həmin qarşılaşmadan çox şey asılı olacaq. Bir məsələ də var ki, hər nə qədər Malta və Farer adalarına zəif rəqib gözüylə baxsaq da, onları hesabdan silməməliyik. Farerin gənclər yığması Bakıya gəlmişdi, necə mübarizə apardıqlarını da gördük. Bakıda bizə 90 dəqiqə yaxşı müqavimət göstərdilər. Onlar Danimarkanın aşağı liqalarında çıxış edən gənc futbolçulara vətəndaşlıq verirlər, milli komandalara cəlb edirlər. Əvvəllər hamı Farer adalarına həvəskar komanda kimi yanaşırdı. O vaxtlar vəziyyət həqiqətən də beləydi. Farerlilər öz daxili imkanları ilə, həvəskar futbolçularla oynayırdılar. Yavaş-yavaş orda da futbola yanaşma dəyişib, nəticə qazanmağa, özlərini göstərməyə həvəsləri artıb. Bunu nəzərə almalıyıq.  Farer adalarının gücünü şişirtmədən onlara ciddi yanaşsaq, problemlə üzləşmərik.

- Tapşırığın öhdəsindən asanlıqla gələcəyimizi düşünənlər var. Həm azarkeşlərin, həm də mütəxəssislərin arasında belə bir fikrə rast gəlmək olar ki, Azərbaycan millisi təkcə III qrupun deyil, həm də D liqasının qalibi olmağa çətinlik çəkməyəcək. Çünki bu liqada elə də ciddi, güclü rəqib yoxdur.

- Öz gücümüzü yüksəl qiymətləndirməyimiz, komandamıza inanmağımız yaxşı haldır. Bu, futbolçulara əlavə motivasiya verə bilər. Onlar hiss edəcəklər ki, azarkeşlər komandaya inanır, Avropa çempionatına vəsiqə qazanmaq üçün mübarizə aparmağı arzulayırlar. Belədə milli üzvlərində də özünəinam və məsuliyyət artacaq. Amma bunun əks təsirləri də ola bilər. Çünki əvvəldə də qeyd etdik, bizim kimi rəqiblərimiz də bu turnirə tarixi fürsət kimi yanaşır, vəsiqəni məhz özləri qazanmaq istəyirlər. Heç bir rəqib mübarizəsiz təslim olmağı düşünmür. D liqasında da yetərincə ciddi rəqiblər var, onları asanlıqla üstələyəcəyimizi düşünməyək. Hazırlıq üçün də o qədər böyük vaxtımız yoxdur. Bu mənada Qurban Qurbanovun üzərinə də böyük yük düşür. O, qısa müddət ərzində komandanı Millətlər Liqasına hazırlamalı, gərgin qrafikdən, qısa müddətdə keçirilən məsul sınaqdan üzüağ çıxmalıdır. Bilirsiz ki, oyunlar üç gün aralığında keçiriləcək. Bu da əlavə fiziki yorğunluğ deməkdir. Uzaq səfərlər həmişə ciddi problemdir. Amma biz hamımız inanırıq ki, bütün bu problemlərin öhdəsindən gələcəyik. D liqasının qalibi də məhz Azərbaycan millisi olacaq.

Arif Əsədovla söhbətimizi elə bu nikbin notlarla yekunlaşdırdıq. Biz də inanırıq. İnanırıq ki, sentyabrın 7-də start götürəcək Millətlər Liqasına Qurban Qurbanov millimizi yüksək səviyyədə hazırlayacaq və tarixi fürsəti dəyərləndirəcəyik.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir