Mak Allister İspaniya nəhənginə keçmək istəyir
Argentina millisinin yarımmüdafiəçisi Aleksis Mak Allister “Liverpul”dan ayrılmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçunun əsas arzusu karyerasını İspaniyada davam etdirməkdir və onun üstünlük verdiyi klub “Barselona” hesab olunur.
Hazırda Kataloniya təmsilçisinin yarımmüdafiə xəttində rəqabətin yüksək olması transferi çətinləşdirən əsas amillərdəndir. Məlumata görə, “Liverpul” Mak Allisteri təxminən 55 milyon avro qarşılığında “Barselona”ya təklif edib. Lakin İspaniya klubu bu məbləği tam şəkildə nağd ödəməyə hazır deyil.
“Barselona”nın idman direktoru Deku futbolçuya bu yay yarımmüdafiəçi transferinin klubun əsas prioriteti olmadığını çatdırıb. Kataloniyalılar ilk növbədə digər mövqeləri gücləndirməyi planlaşdırırlar. Mak Allister isə vəziyyəti anlayışla qarşılayıb və gözləməyə razıdır.
Bundan başqa, Mak Allisterin “Liverpul” rəhbərliyinə yeni müqavilə imzalamayacağını bildirdiyi vurğulanır. Bu səbəbdən Mersisayd təmsilçisinin futbolçunu ya bu yay, ya da növbəti mövsüm satmağa məcbur qala biləcəyi qeyd olunur. Onun hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.