Milli komandaların heyəti açıqlandı

Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.

Sportline.az xəbər verir ki, bu gün Olimpiya Güləş Mərkəzində mundialda iştirak edəcək yunan-Roma və qadın güləşi üzrə millilərimizin heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev məsul yarışda iştirak edəcək heyət üzvləriylə görüşüb və onlara Belqradda uğurlu çıxış etməyi arzulayıb.

Yunan-Roma güləşi üzrə millimiz 7 güləşçiylə DÇ-yə qatılacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Həsən Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (+130 kq) Serbiyada xalça üzərinə çıxacaq.

Qadınlarımız məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun tapşırıqlarını icra edəcək. Heyətdə Şəhanə Nəzərova (50 kq), Tanya Varansova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) yer alıb.

Hazırda Dağıstanın Xasavyurt şəhərində təlim-məşq toplanışı keçən sərbəst güləş üzrə millimizin heyəti isə yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, DÇ-də beynəlxalq dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyacaq.