Millimiz dünya üçüncüsü oldu

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.

Sportline.az xəbər verir ki, yarışın son 4 günündə klassik güləş üzrə mübarizə baş tutub. Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.

Beləliklə, komandamız 6 illik fasilədən sonra DÇ-də ilk "3-lük"də qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə DÇ-də 4 medal qazanıb ki, bu da rekord nəticədir.

Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıb.