Millimiz tarixində ilk dəfə Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.

Sportline.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşi üzrə millisi qitə birinciliyində tarixi uğura imza atıb.

Məsul yarışda ölkəni 9 güləşçi təmsil edib ki, onların da 7-si fəxri kürsüyə qalxıb. Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) və Fərid Xəlilov (60 kq) Avropa çempionu olub. Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) üçüncü yeri tutub.

Beləliklə, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 4 qızıl və 3 bürünc medal qazanan yığma 153 xal toplayaraq Azərbaycan güləş tarixində ilk dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 10 çəkidən 9-da təmsil olunmasına baxmayaraq, ən yaxın izləyicisi olan Gürcüstanı 21, üçüncü yeri tutan Ukraynanı isə 43 xal qabaqlayıb.