“Neftçi”nin sabiq futbolçusu Azərbaycan - Macarıstan matçında şansları dəyərləndirib
“Neftçi”nin sabiq futbolçusu Mark Tamaş bu gün Azərbaycan və Macarıstan arasında yığmaları baş tutacaq yoldaşlıq görüşündə şansları dəyərləndirib.
Sportline.az AFFA-nın mtbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionatlarında çıxış etmiş yeganə macarıstanlı olan futbolçu ölkəsinin təmsilçisinin qələbə qazanacağına inandığını deyib.
Hazırda Rumıniyanın “Sepsi” klubunda çıxış edən 31 yaşlı müdafiəçi oyunun Macarstan yığması üçün heç də asan olmayacağını düşünür:
“Məncə, Macarıstan yığması bu matçda qələbə qazanacaq. Ancaq düşünürəm ki, bu, heç də asan olmayacaq. Yenə də seçmə mərhələyə yaxşı hazırlaşmaq baxımından Macarıstan millisi bu görüşdə qələbə qazanmalıdır”.
Təcrübəli futbolçu Azərbaycan millisinin əsas üstünlüyünü də qeyd edib:
"Yığmanızın əksər oyunçuları daxili çempionatda çıxış edir və demək olar ki, eyni komandada oynayırlar. Belədə futbolçular bir-birilərini daha yaxşı tanıyırlar. Bu da Azərbaycan millisinin əsas üstünlüyüdür. Emin Mahmudovla “Neftçi”də komanda yoldaşı olmuşam. Mahir Emrelini isə Polşadan tanıyıram. Mən 2020-2022-ci illərdə orada “Şlask” klubunda çıxış edirdim. Mahir də həmin vaxt qısa müddət “Legiya”nın formasını geyinmişdi. Hər ikisi olduqca keyfiyyətli futbolulardır".
Futbolçu Macarıstan millisinin gücünü qabardıb:
"Macarıstan yığması çox güclü kollektivdən formalaşıb. Əsas “silah”ları baş məşqçinin illərdir qurduğu komanda ruhudur. Əksər futbolçular Top-5 liqalarda çıxış edirlər. Həmçinin Dominik Soboslay kimi kapitanımız var".
O, Bakı haqqında təəsüratlarını da bölüşüb:
"Bakı möhtəşəm şəhərdir. Vaxtımız olanda hələ də dostlarımızı görmək üçün ora gəlirik. Ailəm də bir neçə həftə əvvəl Bakıda idi".
Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı bu gün "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.