Ozancan Kökcü Azərbaycanı Türkiyəyə dəyişə bilər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozancan Kökcü Türkiyə millisində çıxış edə bilər. SportLine.az xəbər verir ki, bu barədə futbolçunun yenicə transfer olunduğu "Bursaspor" klubunun prezidenti Əli Adəmoğlu danışıb.

O.Kökcünün çıxışını bəyəndiyini deyən klub rəhbəri onun gələcəkdə Türkiyə millisini seçə biləcəyini deyib:

“Bizim üçün gözəl gündür. Skautlarımızın uzun müddətdir izlədiyi Ozan Canı transfer etdik. Ozan Canın hələ 18 yaşı var və Hollandiyada yetişib. “Feyenoord”un aşağı yaş qrupunda oynayırdı. Azərbaycanın gənclər yığmasının heyətində də Türkiyəyə qarşı matçda iştirak etdi. Bu cür istedadla, inşallah, gələcəkdə əsas milli komandamızda da oynayar. Prosedur da buna imkan verir. Skautlarımızın böyük canfəşanlığı nəticəsində onunla 4 illik müqavilə imzaladıq. İyulun 1-dən rəsmən bizimlə olacaq. Bəzi klublar onları qabaqladığımız üçün bizə qəzəblənə bilərlər. Amma önəmli bir iş gördük”.

Qeyd edək ki, U-21 millimizə cəlb olunan futbolçu yığmamızla bir neçə hazırlıq oyununda meydana çıxsa da, hələ ki, rəsmi oyunlarda debüt etməyib.