390-cı duel: "Qalatasaray", yoxsa "Fənərbağça"?

Dünyanın ən maraqlı və gərgin derbilərindən biri yaxnlaşır. Söhbət İstanbul derbisi və ya "Qalatasaray" - "Fənərbağça" matçından gedir.

Sportline.az xəbər verir ki, sentyabrın 28-də diqqətlər İstanbula yönələcək. "Qalatasaray" doğma "Türk Telekom Arena"da "Fənərbağça"nı qəbul edəcək.

Tarixin iki əzəli rəqib arasındakı qarşılaşmaların qalmaqallı keçdiyi hər kəsə məlumdur. Derbinin gərginliyini artıran daha bir amil isə Fatih Terim - Ərsun Yanal duelidir. Təcrübəli mütəxəssislərin komandalarını necə hazırlaşdırdıqları maraqla gözlənilir.

"Qalatasaray"la "Fənərbağça" bunadək 389 dəfə üz-üzə gəlib. Statistikada "sarı-lacivərdlilər"in aşkar üstünlüyü nəzərə çarpır. 147 görüşdə "Fənərbağça" qalib gəldiyi halda, "Qalatasaray" 122 dəfə azarkeşlərini sevindirib. Qalan 121 oyun isə heç-heçə olub. "Sarı bülbüllər" rəqib qapısından 512 top keçiriblər. "Aslanlar"ın isə cəmi 460 qolu var.

İstanbul derbisinin bombaridiri "Fənərbağça"nın keçmiş futbolçusu Zəki Rza Sporeldir. 1969-cu ildə 71 yaşında ölən, karyerasında yalnız "Fənərbağça"nın şərəfini qoruyan futbolçu "Cimbom"la görüşlərdə 29 dəfə fərqlənib.

İstanbul derbisi üçün xüsusi qeydlər:

1) Ən çox görülən hesab: 1-0 (71 dəfə)
2) Ən çox qollu hesab: 4-4 (2 dəfə)
3) Ən böyük hesablı qələbələr: "Fənərbağça" 0:7 "Qalatasaray" (12.02.1911), "Fənərbağça" 6:0 "Qalatasaray" (06.11.2002)
4) Stadionda ən çox azarkeşin baxdığı görüş: "Qalatasaray" 2:2 "Fənərbağça" (70125 nəfər - 21.09.2003)

Fatih Terimli "Qalatasaray"ın yeni transferləri Jan-Mişel Seri, Florin Andone, Əmrə Mor, Rayan Babel, Cimmi Durmaz, Taylan Antalyalı, Adəm Böyük, Stiven Nzonzi, Şener Özbayraklı və Radamel Falkaonun "Qalatasaray" forması ilə "Fənərbağça"ya qarşı ilk dəfə oynamaq imkanı var.

Eyni zamanda bu derbidə Ərsun Yanallı "Fənərbağça"nın yeni transferləri Luiz Qustavo, Vedat Muriqi, Dəniz Türüç, Matiyas Yörqensen, Mövlud Ərdinç, Altay Bayındır, Adil Rami və Maks Kruze də "Fənərbağça"nın heyətində "Qalatasaray"a qarşı ilk dəfə mübarizə apara bilər.

Derbininin baş hakimi Cüneyt Çakır olacaq. 42 yaşlı FIFA referisi bundan əvvəl 11 dəfə bu komandaların duelini idarə edib. Bu oyunların 6-da "Fənərbağça", 3-də isə "Qalatasaray" qələbə qazanıb. Qalan 3 görüşdə isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçı sentyabrın 28-də "Türk Telekom Arena"da olacaq. İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.