"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursunda iştirak edib

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev UEFA Akademiyasının təşkil etdiyi Strateji Kommunikasiyalar üzrə Kompakt Kursunda (UEFA SCCC) iştirak edib.

Ağdam təmsilçisindən Sportline.az-a verilən məlumata görə, o, seçimlər əsasında qatıldığı proqramın 6-cı buraxılışını uğurla tamamlayıb.

Avropa futbol qurumunun Nyon şəhərində yerləşən baş qərargahında keçirilən təlimlərin yekununda Hacıyevə UEFA-nın diplomu təqdim olunub.

Dörd gün davam edən kurs çərçivəsində iştirakçılar müxtəlif sahələri əhatə edən intensiv sessiyalarda bilik və təcrübələrini artırıblar. Kurs zamanı strateji kommunikasiya planlaşdırılması və taktiki aktivasiya, böhran vəziyyətlərində kommunikasiya və simulyativ mətbuat konfransı, futbolda süni intellektin rolu, həmçinin rəqəmsal platformalarda kreativliyi mövzuları müzakirə olunub, fikir mübadilələri aparılıb.

Nyonda təşkil olunan bu nüfuzlu və intensiv kursa “Qarabağ”la yanaşı, Avropanın aparıcı futbol klublarının, federasiyalarının media və kommunikasiya rəhbərləri də qatılıblar. “Arsenal”, “Atletiko” kimi klubların, həmçinin La Liqa nümayəndələrinin çıxışları maraqla qarşılanıb və fikir mübadilələri ilə davam etdirilib. Təlimlər zamanı dünyanın müxtəlif ölkələrindən olan peşəkar kommunikasya mütəxəssisləri də fikir və təcrübələrini klub nümayəndələri ilə paylaşıblar.

Xatırladaq ki, Anar Hacıyev ötən ay Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə İşçi qrupuna (Fans Working Group) üzv seçilib. O, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən İşçi qrupda fəaliyyət göstərəcək.