Qaret Sautqeyt Avro 2024 finalı öncəsi İspaniya millisinin güclü tərəflərindən danışıb

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt İspaniya ilə final oyunu öncəsi rəqibi dəyərləndirib.

Sportline.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, təcrübəli mütəxəssis İspaniya millisi haqda bu sözləri deyib.

"İspaniyanın özünə məxsus oyun tərzi var. Onların yüksək intensivliklə çox yaxşı pressinq edən möhkəm komandası var. Onlar topla əla oynadıqlarına görə çox diqqətli olmalıyıq. Amma biz də topa yaxşı nəzarət edirik, xüsusən də son oyunlarda" deyə 53 yaşlı çalışdırıcı bildirib.

Xatırladaq ki, Almaniyada keçirilən Avropa Çempionatı sabah başa çatacaq. Finalda İspaniya ilə İngiltərə millisi qarşılaşacaq.Görüş Berlində yerləşən "Olympiastadion"da keçiriləcək.