Rio-2016: Orxan Səfərov medalı əldən verdi
Rio-2016 Yay Olimpiya Oyunlarında bu gün cüdo yarışlarına start verilib. SportLine.az xəbər verir ki, Azərbaycan komandasının heyətindən ilk gün bir cüdoçu tatamiyə çıxıb. 60 kq-dək çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ümidləri doğruldub.
Yarışa 1/16 final mərhələsindən qatılan cüdoçumuz ilk görüşündə Peru təmsilçisi Xuan Postiqosu üstələyib.
İdmançımızın 1/8 finaldakı rəqibi Otar Bestayev (Qırğızıstan) olub. Bu görüşdə ipponla qalib gələn cüdoçumuz adını 1/4 finala yazdırıb.
Bu mərhələdə braziliyalı Felipe Kitadai ilə üzləşən Orxan bu dəfə də ipponla qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında rəqib Qazaxıstan təmsilçisi Yeldos Smetov olub. Təəssüf ki, idmançımız uğurun davamını gətirə bilməyib. Smetova uduzan Orxan bürünc medal uğrunda yarışıb. Fəxri kürsüyə qalxmaq üçün, o, Yaponiya təmsilçisi Naohisa Takato ilə qarşılaşıb. Görüş yaponiyalı cüdoçunun qələbəsi ilə yekunlaşıb.
Beləliklə, yarışa uğurlu start verən Orxan Səfərov mübarizəni medalsız başa vurub.