Sandro Tonali üçün London təmsilçisindən təklif
"Tottenhem" İtaliya millisinin və "Nyukasl Yunayted" klubunun yarımmüdafiəçisi Sandro Tonalinin transferi üçün yeni təklif üzərində işləyir.
Sportline.az xəbər verir ki, London təmsilçisi yaxın günlərdə bonuslar da daxil olmaqla təxminən 80-85 milyon funt sterlinq dəyərində yeni təklif təqdim etməyi planlaşdırır və futbolçu ilə şəxsi şərtlər artıq razılaşdırılıb.
Bu barədə “Bild ” nəşri məlumat yayıb.
London klubu son günlərdə Tonali üçün 75 milyon funt sterlinq məbləğində rəsmi təklif göndərib. Lakin bu təklif “Nyukasl Yunayted” tərəfindən kifayət qədər yüksək hesab edilmədiyi üçün qəbul edilməyib. İngiltərə klubu italiyalı yarımmüdafiəçi üçün təxminən 90 milyon funt sterlinq tələb edir.
“Tottenhem” rəhbərliyi transferi sürətləndirməyə çalışır və tərəflər arasında razılığın 30 iyun tarixinədək əldə olunacağına ümid edir. London klubu danışıqları intensiv şəkildə davam etdirir.
Bundan əlavə "Mançester Siti" də futbolçu ilə maraqlanır. Buna baxmayaraq, "Tottenhem" rəhbərliyi hazırda transfer yarışında ön sıradadır. Həmçinin bildirilir ki, Roberto De Zerbi bu transfer prosesində əsas rol oynayır.
Qeyd edək ki, Tonali "Nyukasl"ın heyətində ötən mövsüm çıxdığı 53 görüşdə, 3 qol 6 asistlə yadda qalıb. Onun müqavilə müddəti 2029-cu ilin yayında başa çatır.