Şeneol Günəş: "Bakıda özümüzü ev sahibi kimi görürük"

"Həm təlim-məşq toplanışı keçəcəyimiz yeri müəyyənləşdirmişik, həm də oyun proqramı hazırlamışıq. Martda Sloveniya və Avstriya ilə yoldaşlıq matçları keçirəcəyik. Milli çempionatlar başa çatdıqdan sonra isə Azərbaycan və Şimali İrlandiya ilə oynayacağıq. Ardınca isə bizi Xorvatiya və İrlandiya ilə qarşılaşmalar gözləyir".

Sportline.az xəbər verir ki, bu sözləri futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Güneş yerli "Haber Global" telekanalında qatıldığı verilişdə AVRO-2020-yə hazırlıq barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, Bakıdakı matçlarda özlərini ev sahibi kimi hiss edəcəklər: "İtaliya ilə açılış oyununundan sonra Bakıya gedəcəyik və orada iki görüş keçirəcəyik. Bakıda özümüzü ev sahibi kimi görürük. Turniri Türkiyəyə verməsələr də, iki oyunumuzun Bakıda olması bizim üçün üstünlükdür".

Ş.Güneş zədəli futbolçuların durumuna da toxunub: "Merih Demiral bizə xeyir verən futbolçudur. Turnirə qatılmasını istəyirəm. Amma ona qədər sıraya dönüb-dönməyəcəyini bilmirəm. Yusuf Yazıcı yaxşılaşır. Abdulkadir Ömür iki həftəyə qayıdacaq. Dorukan Toköz də zədəsini sağaltmaq üzrədir".

Qeyd edək ki, iyunun 13-də Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları, eyni zamanda 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.