"Stadniki Tokioda tək qoymayacağım üçün çox xoşbəxtəm"
"Üzərimdə çox böyük məsuliyyət var idi. Çünki Dünya Olimpiya Təsnifat turniri sonuncu lisenziya yarışıdır".
Sportline.az xəbər verir ki, bu sözləri Azərbaycanın qadın güləşçisi Elis Manolova (68 kq) federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat turnirində finalına yüksələrək, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançı həyəcanlı olduğunu bildirib: "Bu üzdən ilk görüşdə bir qədər ehtiyatlı güləşdim. Yunan rəqibimi daha çox taktiki güləşlə məğlub etməyə çalışdım. Həm də səhhətimdə bəzi problem vardı. Ona görə də gücümü qorumağa çalışırdım. Argentinadan olan rəqibimlə qarşılaşmada da son hücumu edərək qələbə qazanmağı planlaşdırırdım. Özümü yaxşı hiss etmədiyim üçün çox güc sərf etmək istəmirdim. Ən çətin rəqibim Qazaxıstan güləşçisiydi. Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının finalında ona qalib gəlmişdim. Ancaq bu görüş 4 il əvvəl olmuşdu. Bütün gücümü bu 6 dəqiqəyə sərf etməliydim".
Manolova lisenziya əldə etməklə istəyinə çatdığını söyləyib: "Azərbaycana daha bir lisenziya qazandırdığım və yaxın rəfiqəm Mariya Stadniki Tokioda tək qoymayacağım üçün çox xoşbəxtəm. Səhhətimlə bağlı finalda güləşmədim".