Avropa çempionatı: Güləşçilərimiz yarımfinala vəsiqə qazana bilmədi
Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Murad Bazarov 1/4 final mərhələsində Qleb Makarankaya (Belarus) uduzub.
67 kq-da yarışan Namaz Rüstəmov 1/8 finalda Mete Nemesə (Serbiya) məğlub olub. Xasay Həsənli (72 kq) təsnifatda Valentin Petiçi (Moldova) mübarizədən kənarlaşdırsa da, 1/8 final mərhələsində Aleksandar Maksimoviçlə (Serbiya) bacarmayıb.
Tuncay Vəzirzadə (82 kq) eyni raundda Mixail Braduya (Moldova) qalib gəlib. O, 1/4 final mərhələsində Aivenqo Rikadzeni (Gürcüstan) büdrədə bilməyib.
Nəhayət, 97 kq-dakı Zamir Məhəmmədov 1/4 finala təsadüf edən görüşdə Balaş Kissə (Macarıstan) məğlub olub.
Həmin güləşçilər rəqibləri finala vəsiqə qazanacağı təqdirdə aprelin 25-də təsəlliverici qarşılaşmada iştirak edəcəklər.
Bu gün eyni zamanda yunan-Roman güləşinin 5 çəki dərəcəsi üzrə medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda qarşılaşmada Fabian Şmittllə üz-üzə gələcək. Taleh Məmmədov (63 kq) finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.
Qeyd edək ki, yarımfinallar saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlayacaq. Avropa çempionatına aprelin 25-də yekun vurulacaq.