Avropa çempionatında daha 4 medal imkanı

Rumıniya paytaxtında keçirilən Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə 5 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək. 

Sportline.az xəbər verir ki, 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələrində yarışan pəhləvanlar təsəlliverici və final görüşlərində bacarıqlarını göstərəcəklər. Bir güləşçimiz qızıl, digər 3-ü isə bürünc medala namizəddir.  

Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serbiyalı güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. O, 1/4 finalda əsas rəqiblərindən sayılan gürcüstanlı pəhləvanada heç bir şans tanımayıb və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Lakin finalın bir addımlığında rusiyalıya uduzan Əzizli bu gün bürünc medal uğrunda güləşəcək. Rəqib isə Şerif Kılıc (Türkiyə) / Vladislav Korostelov (Ukrayna) cütünün qalibi olacaq.

Taleh Məmmədov təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançı ilə görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf Məmmədov olub. Yarımfinalda norveçli rəqibinə uduzan azərbaycanlı pəhləvan da aprelin 13-də 3-cü yer uğrunda mübarizə aparacaq. Onun rəqibi isə Slavik Qalstyan (Ermənistan) / Maksim Nehoda (Belarus) cütünün qalibi olacaq. 


Elvin Mürsəliyev ilk mərhələdə almaniyalı rəqibinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyindən, Mürsəliyev bu gün təsəlliverici görüşə çıxacaq. Bürünc medal yolunda ilk maneə isə ermənistanlı dünya və Avropa çempionu Arsen Julfalakyan olacaq. 


İslam Abbasov startda çətinliklə də olsa, almaniyalı rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda rusiyalı olimpiya çempionu Davit Çakvetadze ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov onu da məyus edərək 1/4 finala vəsiqə qazanıb. Növbəti mərhələdə Azərbaycan güləşçisi Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. Bugünkü həlledici qarşılaşmada o, Ukrayna təmsilçisi, son olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla üz-üzə gələcək.


Sabah Şəriəti debütdə Çexiya pəhləvanı üzərində qələbə qazanıb. Daha sonra o, türkiyəli dünya çempionu Rza Kayaalpa uduzub. Kayaalpın finala yüksəlməsi Şəriətiyə mübarizəni bu gün təsəlliverici görüşlə davam etdirmək imkanı verib.

Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

55 kq

Bürünc medal görüşü - Eldəniz Əzizli - Şerif Kılıc (Türkiyə) / Vladislav Korostelov (Ukrayna)

1/2 final - Eldəniz Əzizli - Vitali Kabaloyev (Rusiya) 5:7 

1/4 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (Gürcüstan) - 9:0 
Təsnifat. Eldəniz Əzizli - Sebastyan Kolompar (Serbiya) - 9:0 

63 kq

Bürünc medal görüşü - Taleh Məmmədov - Slavik Qalstyan (Ermənistan) / Maksim Nehoda (Belarus)

2/1 final - Taleh Məmmədov - Stiv Andre Berge (İsveç) 2:4

1/4 final - Taleh Məmmədov - Mihay Radu Mihut (Rumıniya) - 8:7 
Təsnifat. Taleh Məmmədov - Donior İslamov (Moldova) - 8:3 

77 kq

Təsəlliverici görüş - Elvin Mürsəliyev - Arsen Julfalakyan (Ermənistan) 
Təsnifat. Elvin Mürsəliyev - Roland Şvarts (Almaniya) - 0:6

87 kq

Final - İslam Abbasov - Jan Beleniuk (Ukrayna) 

1/2 final -  İslam Abbasov - Mikalay Stadub (Belarus) - 4:0 

1/4 final - İslam Abbasov - Maksim Manukyan (Ermənistan) - 6:1 

1/8 final - İslam Abbasov - David Çakvetadze (Rusiya) - 2:1 
Təsnifat. İslam Abbasov - Denis Kudla (Almaniya) - 1*:1

130 kq

Təsəlliverici görüş - Sabah Şəriəti - Ante Milkoviç (Xorvatiya)

1/8 final - Sabah Şəriəti - Rza Kayaalp (Türkiyə) - 0:5 
Təsnifat. Sabah Şəriəti - Stepan David (Çexiya) - 7:1