Azərbaycan çempionları müəyyənləşdi
Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına yekun vurulub.
Sportline.az xəbər verir ki, “Şüa” idman kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın idmançı bacarığını göstərib.
Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparıblar. Şəxsi mübarizədə kişilərdən Vaqif Məmmədov, Elşad Vahidov, İlham Ağayev, Səxavət Heydərov, qadınlardan Xəyalə Qiyasova 1-ci yeri tutub. Qoşa yarışlarda isə Zaur Mikayılovla Mahir Cəbiyev fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Onlar finalda İlham Ağayev – Xəyalə Qiyasova tandeminə qalib gəliblər.
Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.