Azərbaycan futbolunun tarixi: İngilislər üçün qəhrəman, almanların ölkələrinə buraxmadığı azərbaycanlı

Azərbaycan futbolunun tarixi: İngilislər üçün qəhrəman, almanların ölkələrinə buraxmadığı azərbaycanlı

SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” layihəsi çərçivəsində 7-ci yazını təqdim edir.

     Onun üçün hər şey bir andaca dəyişdi. Dünya çempionatının final qarşılaşmasında söz sahibi olan üç hakimdən biri kimi, adını artıq tarixə yazdıra bilmişdi. Amma məhz həmin final görüşündə baş verən epizod, onu bir andaca, bütün dünyada məşhur etdi. Hətta o qədər ki, final qarşılaşmasının baş hakimi, deməli, həm də əsas söz sahibi isveçrəli Qottfrid Dinst belə onun kölgəsində qaldı...



... 30 iyul 1966-cı il Londonun “Uembli” stadionunda dünyanın ən güclü komandasının adına aydınlıq gəlirdi. Meydanda iki barışmaz rəqib, iki iddialı komanda dünya kubokunu başı üzərinə qaldırmaq uğrunda mübarizə aparırdı. İngiltərə kraliçası başda olmaqla onminlərlə ingilis öz milli komandasından Almaniyaya qalib gəlməyi, mundialın ən qiymətli qənimətinin ölkələrindən kənara çıxmaması üçün meydanda sona qədər savaşmağı tələb edirdi. 98 min azarkeşin canlı izlədiyi final qarşılaşmasının hakimlərindən biri, mundiala SSRİ-nin təmsilçisi kimi qatılan azərbaycanlı hakim Tofiq Bəhramov idi. 

Xlıstovun yetirdiyi xəsarətlə həyatı dəyişən Bəhramov

     Tofiq Bəhramov 1925-ci ilin 29 yanvarında Ağcəbədi rayonunda anadan olub. Futbola olan marağı Bəhramovu 18 yaşında Bakının “Spartak” cəmiyyətinin komandasına gətirib. Sonradan məşqçilər onun bacarığını və istedadını qiymətləndirib, “Neftyanik”in sıralarına dəvət ediblər. Bir müddət “Neftyanik”in kapitanı da olan Tofiq, başqalarından çılğın xarakterinə, tez-tez hakimlərlə mübahisə etməsinə görə fərqlənirmiş. Amma taleyin qisməti ona futbolçu kimi məşhurlaşmağa, adından söz etdirməyə imkan verməyib. 1950-ci ildə “Neftyanik”in Bilgəh qəsəbəsində keçirilən məşqlərinin birində, komanda yoldaşı Valentin Xlıstovla toqquşan və ağır zədə alan Bəhramovun futbolçu karyerası bitir. Amma topa, yaşıl meydana olan sevgisi ona bu oyunun sehrindən çıxmağa imkan vermir.


1951-ci ildə Bakı kuboku çərçivəsində keçirilən “Dinamo” – “İnşaatçı” oyununa təyin olunan hakim, start fitini səsləndirməyə gələ bilmir. Belədə ətrafdakı tanışlar Tofiq Bəhramova komandaları meydana çıxarmağı təklif edirlər. Bundan düz 6 ay sonra artıq Bəhramov Azərbaycan birinciliyinin oyunlarında baş hakim kimi ədaləti qorumağa başlayır. 34 yaşında isə ona SSRİ-nin Güclülər dəstəsinin qarşılaşmalarında söz sahibinə çevrilmək qismət olur. Beləcə, hakim kimi məşhurlaşmağı, öz işinin ustasına çevrilməyi bacarır.

İndiki dövrlə müqayisədə Tofiq Bəhramov beynəlxalq dərəcəli hakim adını bir qədər gec, 40 yaşında alıb. 1965-ci ildən bu adı qazanan Azərbaycanın fəxrinin bir il sonra İngiltərədə keçirilən VIII dünya çempionatında da dəvət alması təbii idi. Çünki Bəhramov həmin dövrlər dünyanın ən tanınmış və qətiyyətli hakimləri sırasına adını yazdırmışdı. Finala qədər İsveçrə - İspaniya qarşılaşmasında baş hakim kimi ədaləti qoruyan Bəhramov daha iki qarşılaşmada yan xətt hakimi kimi meydana çıxmışdı. Onun Argentina – İsveçrə, İngiltərə - Uruqvay oyunlarındakı laysman işi yüksək qiymət alır və finalda da məhz yan xətt hakimi kimi iş başında olmasına qərar verilir.

110-cu dəqiqənin hökmü


Gərgin keçən final qarşılaşmasının əsas vaxtında qalib müəyyənləşmir. Hərəyə iki dəfə fərqlənən Almaniya və İngiltərə komandaları dünya çempionunun adına aydınlıq gətirmək üçün, daha 30 dəqiqə “döyüşməli” olur. Çoxları düşünürdü ki, əlavə olunmuş dəqiqələrdə qapılara qol vurulmayacaq və dünya çempionunun adına penalti zərbələri ilə aydınlıq gələcək. Amma bir andaca hər şey dəyişir. Qarşılaşmanın 110-cu dəqiqəsində ingilislərin hücumçusu Ceff Herst topu qüvvətli zərbə ilə almanların qapısına doğru vurur. Qəribə uçuş trayektoriyası cizən top əvvəlcə qapı tirinə, daha sonra isə qapı xəttinin üzərinə dəyir.

Almanlar tez-tələsik topu qapıdan uzaqlaşdırmaqla məşğulkən, ingilislər isveçrəli baş hakim Dintin üzərinə qaçırlar. Topun qapı xəttini keçib-keçmədiyini görmədiyi üçün özünü itirən Dinst əliylə Bəhramovu işarə edir. Baş hakimlə köməkçisi arasında dialoqun uzun çəkməsinin səbəbi onların fərqli dillərdə danışması idi.

Amma isveçrəli referi Bəhramovun qətiyyətli jestlərindən sonra özünü ələ alır və mərkəzi göstərir. Düzdür, son dəqiqələrdə ingilislər daha bir dəfə fərqlənirlər və hesabı 4:2-yə çatdırırlar. Bununla belə, bütün dünya məhz 110-cu dəqiqədə baş verən hadisəni uzun müddət müzakirə edir və final qarşılaşmasının taleyinin məhz Bəhramovun verdiyi qərarla həll olunduğu vurğulanır.

Oyundan sonra Tofiq Bəhramov kraliça II Elizabetin şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görüldü. 2016-cı ildə isə Britaniyanın "Sky Sports" telekanalı 1966-cı ildəki finalda baş verən həmin epizodu yenidən müzakirəyə çıxardı. Müasir texnologiya ilə aparılan araşdırma nəticəsində Tofiq Bəhramovun qərarının haqlı olduğunu sübuta yetirildi.

Tofiq Bəhramov 1970-ci ildə Meksikada keçirilən mundialda 3 qarşılaşmanı, o cümlədən yarımfinalda Braziliya – Uruqvay oyununu idarə etsə də, onun adı bütün dünyaya məhz İngiltərə və Almaniya milliləri arasında baş tutan finaldakı məlum epizodla tanınıb.


Bəhram Bəhramov: “Atam dünyanın 52 ölkəsində oldu, amma onu Almaniyaya buraxmadılar”

      İki övladı olan Tofiq Bəhramov öz atasının adını oğul övladına verib. Bacısı Gülnarəylə birlikdə həmişə atalarından yüksək qayğı gördüklərini deyən 64 yaşlı Bəhram Bəhramov SportLine.az oxucuları üçün atasının portretini belə canlandırdı:

“Mənim də futbola həvəsim böyük idi. Elə gözümüzü açandan evimizdə futbol söhbətləri eşitmişdik, tanınmış futbolçuları və hakimləri görmüşdük. Sözün düzü, yeniyetmə vaxtlarımda mən də futbol hakimi olmağı arzulayırdım. Amma sonradan başa düşdüm ki, bu işi atam kimi bacarmayacağam. Tofiq Bəhramov mənim üçün hakimliyin ideal simasıdır. Bəhramov kimi hakimlər, 100 ildə bir dəfə dünyaya gəlirlər. Atamın iki dəfə dünya kubokunun final mərhələsinə dəvət alması da bunun sübutudur.

Hakim kimi necə idisə, bir insan, ailə başçısı, baba kimi də o cür idi. Atamın çox təmiz ürəyi var idi. Meydanda sərt üzünü göstərirdi, evdə ciddiliyini qorusa da, kimsənin xətrinə dəyməzdi. Bizi bir övladı kimi necə sevirdisə, sondaran həmin məhəbbəti nəvələrinə də bəsləyirdi. Səhhəti imkan verənə qədər nəvələrini gəzməyə aparırdı. Dəniz kənarı parkda onlarla gəzməyi çox xoşlayırdı. Bacımın iki qız övladı var. Məndə bir oğlan, bir qızdır. Nəslimizdə onun yolunu davam etdirən olmadı. Bəlkə də hamımız onun hakimlikdə necə böyük zirvələr fəth etdiyini bildiyimizdən buna ürək etmədik. Çünki Bəhramovun davamçısı olmaq böyük məsuliyyət tələb edirdi.

      Atam dünyanın 52 ölkəsinə səyahət etmişdi. Almaniyadan savayı. Almanların ona olan qəzəbi soyumamışdı və bu səbəbdən də atamı öz ölkələrinə buraxmadılar. Getdiyi hər ölkədən bizim üçün hədiyyələr gətirərdi. Biz  - sovet dövrünün uşaqlarına xarici geyimlər, oyuncaqlar çox maraqlı idi. Məktəbdə də bizə maraqla baxırdılar.

Bəzi peşəkar idman adamları karyeralarını bitirəndən sonra rejimə əməl etmirlər. Başlayırlar qidalanmalarına fikir verməməyə, idmanla məşğul olmurlar. Siz də bilirsiz ki, hətta içkiyə və siqaretə qurşananlar da olur. Amma atam bütün ömrü boyu əsl idmançı kimi yaşadı. Futbol kafedralarında müəllimlik edirdi. Deyirdi ki, mən gənclərə nümunə olmalıyam. Onlar məni həmişə düzgün həyat sürən adam kimi tanımalıdırlar. AFFA yarandığı ilk günlər çox həyacanlı və sevincli idi. Gənc hakimlərlə daim təmasda olurdu. Hakimlər Komitəsinin ilk sədri də atam oldu. Gənclərlə komitə sədri kimi yox, əsl dost-yoldaş, ən vacibi bir müəllim kimi davranırdı. 

İngiltərədən və Almaniyadan jurnalistlər Bakıya gəlirdilər, onunla görüşmək üçün can atırdılar. 1992-ci ildə “dəmir ledi” Marqaret Tetçer Bakıya gələndə də atamı dəvət etmişdilər, baş nazir onu xatırladığını bildirmişdi. Atam haqqında ingilislər film də çəkiblər. 


Ömrünün son ilini ürək xəstəliyi ilə mübarizədə keçirdi. İki dəfə ağır infarkt keçirmişdi. Həkimlər daim ona nəzarət edirdilər. Bəlkə də səhiyyə indiki qədər inkişaf etsəydi, daha çox yaşayardı. 1993-cü ilin martın 26-da üçüncü dəfə infarkt keçirdi və dünyasını dəyişdi”. 

“Bəhramov müstəqil Azərbaycanı təmsil edə bilməməsinə üzülürdü”

      Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov da SpotLine.az oxucuları üçün Tofiq Bəhramovla bağlı xatirələrini məmnuniyyətlə bölüşdü:

“Dahi hakimimiz Tofiq Bəhramov çox sadə, alicənab insan idi. İstedadlı hakimlərə öz övladı kimi yanaşırdı. Hələ SSRİ dönəmindən bizə qayğı göstərir, Moskvada azərbaycanlı hakimləri müdafiə edir, dəstək verirdi. Müstəqilliyimizin ilk illərində isə, münasibətlərimiz daha yaxın oldu. AFFA-nın baş katibi kimi federasiyada məsul vəzifədə idi. Kabinetinin qapısı hər zaman açıq olardı. Bizi başına toplayar, xatirələrini bölüşər, məsləhətlərini verər, gəncləri qoruyardı. 

Bir dəfə AFFA-da idik. Tofiq müəllim bizi çay içməyə dəvət etdi.  Çox sadə, qayğıkeş insan idi. Yeni müstəqillik qazanmışdıq, Avropaya hazırlaşırdıq. Bütün bunlar bizə əlçatmaz, xəyal kimi görünürdü. Tofiq müəllimə müxtəlif suallar verirdik. Kefi yaxşı olanda zarafatlarından qalmırdı... O vaxt bizə maraqlı bir əhvalat danışmışdı. 
Deməli, Yunanıstanda gərgin bir oyuna hakimlik edirmiş. Yunan azarkeşləri də çılğınlığı ilə seçilir axı... Meydana bir topa banan atıblar. 30-35 dərəcə isti var imiş. Tofiq müəllim deyir ki: "Su əvəzinə bananın birini götürüb yedim. Dolu tribunalar susub mənə tamaşa edirdi. Bir anda bütün azarkeşlər məni alqışlamağa başladı və gərginlik aradan qalxdı"

Tofiq müəllimə bir ata kimi yanaşırdıq. O da bizə oğul nəvazişi göstərirdi. Mənə xüsusi münasibəti var idi. İdarə etdiyim görüşlərdən sonra hətta dəfələrlə evə zəng edərək oyunun təhlilini aparır, müsbət və mənfi cəhətlərin müzakirəsində çox şey öyrənərdim. Hər zaman bildirirdi ki, yolumu davam etdirib çox güclü hakim olmalısan. Öz suallarımızla Tofiq müəllimi rahat buraxmırdıq. 

Sanki ömrünün sonuna az qaldığını hiss edirdi. Bizə deyirdi ki, siz xöşbəxtsiz. Mənim müstəqil vətəni təmsil etməyə imkanım olmayıb. Siz isə Azərbaycanın bayrağını qaldıracaqsınız. 90-cı illərin əvvəlindəki müharibə, iqtisadi-siyasi xaos Tofiq müəllimi çox narahat edirdi. Belə qayğılar onun səhhətinə də təsirsiz ötüşmürdü. Tez-tez dərmanlar qəbul edirdi. Ən xoş anlarından biri M.Tetçerin Bakıya gəlişində Tofiq Bəhramovu yada salmaqları oldu. Açığı, ondan öncə özünə qarşı olan biganəlik pis təsir edirdi. Dövlət səviyyəsində diqqətdən sonra sanki ikinci dəfə dünyaya gəlmişdi. Təəssüf ki, müstəqil Azərbaycanın qoxusunu çox duya bilmədi. Aramızdan tez getdi. Sonrakı illər Tofiq müəllimin yoxluğunu istər ölkə futbolunda, istərsə beynəlxalq arenada çox hiss etdik. Unudulmaz Tofiq Bəhramov qəlbimizdə daimi yaşayır”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir