Böyük kapitan üçün yolun sonu və amansız çexlər - LAYİHƏ

SportLine.az dəyərli oxucularına “Yığma komanda: son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?” adlı layihə çərçivəsində 10-cu yazını təqdim edir.

Dünya çempionatının seçmə mərhələsinə “Niyə də yox?!” şüarı ilə start verən millimizin qarşısında qrupda 2-ci yeri tutmaq, “pley-off”a qatılmaq vəzifəsi dayanmışdı. Bu mümkün olmasa, ən azından mümkün qədər irəliləyəcəyimizi və 3-cü yer uğrunda mübarizə aparacağımızı düşünürdük. Amma Şimali İrlandiya ilə hər iki qarşılaşma, daha sonra isə Norveçlə Oslodakı oyun bu hədəflərin əlçatmaz olduğunu göstərdi. Düzdür, Bakıda San Marinonu 5:1 hesabı ilə məğlub edən millimiz, bununla da tarixinin rekord göstəricinə imza atmağı bacardı. Topladığımız 10 xal bizim üçün rekord idi. Buna qədər millimiz yalnız bir seçmə mərhələ ərzində aktivinə 9 xal yazdırmağı bacarmışdısa, San Marino üzərindəki qələbə sayəsində bu rəqəm bir vahid də artmışdı. Qarşıda isə bizi daha iki görüş gözləyirdi. Bu oyunların ən azı birində xal sayımızı artıra bilərdik. Çünki Bakıda Çexiya millisini məğlub etməyimiz, ən azından heç-heçəyə nail olmağımız real görünürdü. Qələbə sayəsində 3-cü yeri qorumaq şanslarımız da artacaqdı. Əks halda millimiz aşağıya yuvarlanacaqdı. Çünki 9-cu turda Norveç də səfərdə San Marino ilə qarşılaşırdı və bu oyunda kimin qələbə qazanacağına şübhə etməyə dəyməzdi. Bu oyun ərəfəsində çexlər 9 xalla 4-cü, Norveç isə 7 xalla 5-ci sırada qərarlaşmışdı.

Hər kəs bütün bu ehtimalları müzakirə etməkdə ikən yayılan xəbər bir andaca oyunun nəticəsini arxa plana keçirdi. Məlum oldu ki, çexlərlə oyun kapitan Rəşad Sadıqov üçün milli komandanın formasında sonuncu olacaq. “14” nömrə kapitanlıq sarğısını Rahid Əmirquliyevə təhvil verib, milli karyerasına son qoymağı qərara almışdı. Bu həm də o demək idi ki, bütövlükdə Azərbaycan futbolu üçün yeni bir məhələ başlayır, böyük və keşməkeşli bir dövr arxada qalırdı.

İbrahimoviçlə eyni gündə debüt

35 yaşlı kapitanın milli komandadakı karyerası 2001-ci ilin oktyabrın 6-da İsveçlə oyunda başlayıb. Həmin vaxt “Neftçi”nin formasını geyən 19 yaşlı müdafiəçini İqor Ponomaryov milliyə cəlb etmişdi. Çətin rəqibə qarşı səfərdə 90 dəqiqə meydanda olan Rəşad, bununla da özü üçün yeni bir səhifə açmış oldu. Həmin qarşılaşmada daha bir maraqlı hadisə baş vermişdi. Sonradan bütün dünyada məşhurlaşan Zlatan İbrahimoviç də İsveç millisində debütünü məhz 2001-ci ilin o günündə, bizim millimizə qarşı oyunda gerçəkləşdirib. Rəşad artıq 22 yaşında milli komandanın liderlərindən birinə çevrilməyi bacardı. Belə ki, 2004-cü ilin 13 oktyabrında Bakıda İngiltərə millisi ilə qarşılaşan Azərbaycan millisinin kapitanı məhs 22 yaşlı Rəşad Sadıqov idi. Həmin ilin martında isə o,  millinin heyətində qol hesabını açmağı bacarmışdı. Millimizin Almatıda Qazaxıstanı 3:2 hesabı ilə məğlub etdiyi oyunda vurduğumuz qolların birin müəllifi Sadıqov idi. 2004-cü il Rəşadın milli karyerası üçün təkcə bu iki olayla yadda qalmadı. Sentyabrın 4-də dünya çempionatının seçmə qarşılaşması çərçivəsində Uelsə qarşılaşan millimiz məğlubiyyətdən məhz Rəşadın baxımlı qolu ilə qurtuldu. Növbəti iki qolu Sadıqov Türkiyə millisinin qapısından keçirib. Bu qollardan biri 1:1 hesabı ilə bitən yoldaşlıq görüşünə təsadüf etsə də, digəri rəsmi görüşdə vurulub və Azərbaycan millisinə 3 xal qazandırıb. Yəqin ki, söhbətin 2010-cu ilin oktyabrın 12-də Avro-2012-nin seçmə oyunları çərçivəsində Bakıda keçirilən oyundakı “Azərbaycan sayağı künc zərbəsi”indən sonra vurulan qoldan getdiyini anladınız. Bizə udunulmaz hisslər bəxş edən və qələbə gətirən qolu Rəşad 38-ci dəqiqədə Volkan Dəmirəlin qoruduğu qapıdan keçirmişdi.

2005-ci ildən milli komandamızın dəyişilməz kapitanına çevrilən Rəşad 78 görüşdə meydana üzərində “C” yazılan sarğı ilə çıxıb. Ümumilikdə isə Sadıqov millinin heyətində 16 il ərzində 111 oyun keçirib, 9198 dəqiqə meydanda olub. O, bu müddət ərzində 5 dəfə rəqib qapıçıları məyus etməyi bacarıb. Bir qədər əvvəl həmin qollardan dördünün tarixçəsini sizə çatdırdıq. Rəşadın sonuncu qolu haqda isə ötən yazımızda bəhs etmişdik. Belə ki, beşinci qol Bakıda San Marino ilə görüşdə Sadıqovun hesabına yazılmışdı. Kapitanın mövqeyi sonuncu müdafiəçi olduğundan bu 111 oyun avtoqolsuz da keçməyib. Adətən sonuncu müdafiəçilərin qapı qarşısında topa son toxunan, rəqibin zərbə vurmasına əngəlləməyə çalışan futbolçular sayılır. Belədə avtoqolsuz da keçinmək mümkün deyil. Elə bu səbəbdən də millimizin qapısına vurulan qollardan dördü məhz sonuncu dəfə Rəşadın ayağına toxunub və avtoqol müəllifi kimi onun adını protokola yazdırıb. Həmin avtoqollardan biri sonuncu seçmə mərhəyə təsadüf etdi. Sentyabrın 1-də Osloda Norveçə qarşı keçirdiyimiz oyun Rəşad üçün ikiqat uğursuzluqla yadda qaldı. Millimizin sönük oyunla məğlub olduğu qarşılaşmada rəqibin vurduğu 2-ci qol Rəşadın adına yazıldı. Haytam Aleesaminin qapı istiqamətindəki zərbəsini uzaqlaşdırmaq istəyən kapitanın topa toxunuşu uğursuz alındı.

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi və məşqçilik fəaliyyətinə başlaması Rəşadı çətin seçim qarşısında qoyurdu. Təkcə fiziki baxımdan yox, həm də vaxt məhdudiyyətinə görə qərar vermək, bir qədər “yüngüllləşmək” lazım idi. Və həmin tarixi qərarını kapitan Çexiya ilə oyundan öncə mətbuata və ictimaiyyətə açıqladı. Çexiya ilə qarşılaşma Sadıqov üçün sonuncu olacaqdı. Oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmaya kapitan sarğısı ilə çıxan Sadıqov 90 dəqiqənı əvəzolunmadan keçirdi. Təəssüf ki, “böyük kapitan”ı qələbə ilə yola salmaq mümkün olmadı.

Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırarkən kapitan hisslərini belə ifadə etmişdi: “Millini kənardan izləmək  çətin olacaq. Hər bir işin sonu olduğu kimi, mən bununla barışmalıyam. Məğlubiyyəti həzm edə bilmirəm. Bu gün qələbə istəyirdim. Alınmadı. Ona görə məyusam. Məni dəstəkləyənlərin hamısına təşəkkür edirəm. Hamı haqqını halal etsin”.

Çexlər bizdən niyə üstün oldu?

Bu suala cavab vermək çox çətindir. Halbuki meydana çıxan futbolçuların sona qədər döyüşmək, rəqibdən xal almaq üçün yetərincə stimulu var idi. Qələbə sayəsində həm Rəşadı layiqincə yola salar, həm də qrupda 3-cü yer tutmaq iddiamızı qoruyardıq. Amma bacarmadıq. Robert Prosineçki oyundan əvvəl keçirilən mətbuat konfransında azarkeşləri xeyli ümidləndirmişdi. Azərbaycan millisindən ayrılmaq barədə düşünmədiyini bildirən xorvatiyalı mütəxəssis Çexiyanı Bakıdan məğlub yola salmaq üçün gücümüzün olduğunu, bunu bacarmaq üçün yaxşı hazırlaşdıqlarını vurğulamışdı. Nəsildəyişmə prosesindən əziyyət çəkən, qrupdan çıxmaq şansını xeyli əvvəldən itirən çexlər də məğlub edilməz deyildilər. Belədə rəqibin də hansısa ciddi məqsəd üçün meydanda can qoyacağı, bizimkiləri 90 dəqiqə təzyiqdə saxlayacağı da inandırıcı görünmürdü. Azərbaycan millisi ilə oyun, çexlərin gənc futbolçuları üçün özünü göstərmək, Karel Yarolimin “gözünə girmək” fürsəti, millidə yerini möhkəmlətmək imkanı idi. Onlar bunu bacardılar.

San Marino üzərindəki qələbə futbolçuların özünəinam hissini yüksəltmiş, uzun müddətdən bəri davam edən xalsız oyunlar seriyasına da son qoymuşdu. Kamran Ağayevi “çərçivə”yə qaytaran Prosineçki həmin gün üçün tam güvəndiyi heyəti meydana buraxmışdı. Kamranla Rəşaddan savayı ilk dəqiqələrdən bu futbolçular meydanda idilər: Pavel Paşayev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov, Dmitri Nazarov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov. Ramil 62-ci dəqiqədə Ruslan Qurbanovun əvəzinə meydana çıxdı. Mahir isə ondan 17 dəqiqə sonra Cavidi əvəzlədi. Daha bir əvəzetmə zamanı isə Qara Dmitrinin əvəzinə mübarizəyə qoşulmuşdu. Prosineçkini bu gedişlərini həm də komandamızı məğlubiyyətdən xilas etmək cəhdi kimi də qiymətləndirmək mümkündür. Amma onun bu istəyi həyata keçmədi. Artıq 66-cı dəqidə çexlər qapımızdan ikinci qolu keçirmişdilər...

...Əslində fransalı hakimlərin idarə etdiyi qarşılaşmaya heç də pis başlamamışdıq. Almaniya ilə Bakıdakı oyunda fərqlənən Dmitri Nazarov eyni qəhrəmanlığı çexlərə qarşı da sərgiləyə bilərdi. 18-ci dəqiqədə sol cinahdan cərimə meydançasına daxil olan “Aue”nin üzvü qapı torunu yandan silkələdi. Onun zərbəsində azca dəqiqlik çatışmadı. Hissənin ortalarına doğru rəqib oyunu bərabərləşdirməyə, hətta üstünlüyü ələ keçirməyə nail oldu. Qapımızın qarşısında ilk həyacanı 28-ci dəqiqədə yaşadıq, amma bu hücumu “çərçivə”yə zərbə ilə yekunlaşdırmaq mümkün olmadı. Az sonra Kamran çexlərin qol arzusunu "gözlərində qoydu". Hiss olunrdu ki, rəqib kəşfiyyatı bitirib və komandamızın müdafiəsindəki boşluqları tapıb. Elə bu boşluğun nəticəsi özünü 35-ci dəqiqədə Jan Kopiçin vurduğu qolda göstərdi. Qapıya doğru ilk zərbəni Kamran dəf etdi. Amma Ağayevin yumruqladığı topu Paşayevin nəzarətsiz qoyduğu Kopiz tora qoşuşdurdu. İlk hissənin qalan dəqiqələri çexlər müdafiədə keçirməyə üstünlük verdilər. Onlar bununla da qələbə hesabını fasiləyə qədər qorumağı hədəfləmişdilər. Rəqibin qurduğu ikiqat müdafiə xətti millimiz üçün keçilməz səddə çevrilmişdi. Almeydanın orta sahədəki nisbi fəallığı belə Jiri Pavlenkanın qoruduğu qapıya təhlükəli zərbə vurmağımız üçün yetərli deyildi.

Fasilədə Prosineçki oyunçu dəyişikliyinə əl atmasa da, komandamızın oyununda canlanma hiss olunurdu. Təsadüfi deyil ki, 55-ci dəqiqədə hesabı bərabərləşdirməyi də bacardıq. Almeyda sol cinahla uzun reyd edib topu çexlərin cərimə meydançasına daxil olan Ruslana doğru ötürdü. Çexiya millisinin kapitanı Marek Suxinin ona ehtiyatsız toxunması “Qəbələ”nin yarımmüdafiəçinin yerdə qalması ilə nəticələndi. Fransız hakim Benoit Millotun təyin etdiyi penaltini isə Əfran İsmayılov qola çevirdi. Qol sevincimiz cəmi 10 dəqiqə çəkdi. Topu rəqibin cərimə meydançası həndəvərində saxlamaqla təzyiqi artıra bilməməyimiz çexlərin böyük qüvvə ilə irəli atılması ilə nəticələnirdi. Bir acınacaqlı məqamı xüsusilə qeyd edək ki, 66-cı dəqiqədəki qol epizodu zamanı çexlərin düz 9 futbolçusu meydanın Azərbaycan millisinə aid olan hissəsində, hətta cərimə meydançamızın həndəvərində idi. Bu isə o deməkdir ki, Bakıya qələbə arzusuyla gələn rəqib bizi tamamilə öz qapımıza doğru sıxmağı bacarmışdı. Qapı qarşısına havalandırılan topu Antonin Barakın başla qapıdan keçirməsi də bunun məntiqi nəticəsi idi. Meydana sonradan girən Ramilin əla qol fürsətini boşa verməsi, təkbətək çıxdığı epizodda topu Pavlenkanın üstünə vurması isə bəxtin bizdən üz döndərməsi kimi qiymətləndirilməlidir. Son dəqiqələrdə çexlər də oxşar epizoddan fərqlənə bilməyincə oyun 1:2 hesabıyla yekunlaşdı və millimiz öz kapitanını məğlubiyyətlə yola saldı.

Fizuli Məmmədov: “Rəşad Sadıqov meydanın içində bir məşqçi idi”

Millinin son seçmə mərhələdəki çıxışı ilə bağlı söhbətləşmək üçün bu dəfə Fizuli Məmmədovu seçdik. Ötənlərin məşhur futbolçusu 2001-2004-cü illərdə 11 dəfə milli komandanın formasını geyinib. Millinin heyətində ilk oyununu 22 yaşında Gəncədə Estoniya millisinə qarşı keçirən Məmmədovun millidəki debütü 2:1 hesablı qələbə ilə əlamətdar olub.

 Həmsöhbətimiz milli komandamızın son seçmə mərhələdəki çıxışına müsbət qiymət verməyin tərəfdarı olduğunu vurğuladı:

-          Əlbəttə ki, 2-ci və ya 3-cü yer tutmağımız super nəticə olardı. Bunu bacara bilmədik. Amma ümumilikdə millimiz pis təsir bağışlamadı. Həm meydanda sərgilənən oyun və qazanılan nəticələr, həm də topladığımız rekord sayda xal bizim üçün müsbət məqamlardır. Futbolumuzun problemlərini hər birimiz bilirik. Bütün bunların fonunda 10 xal toplayıb, rekordumuzu təzələməyimizə sevinməliyik. Əvvəlki seçmə mərhələləri yadınıza salın. Daha çox heç-heçələrə can atırdıq. Bu dəfə isə qələbə qazanmağı daha çox istəyən, hücum edən milli gördük. Bəzi qarşılaşmalarda zəif çıxış etdik ki, bu da xal sayının daha çox olmasına imkan vermədi. Amma Şimali İrlandiya ilə Bakıda heç də pis çıxış etməmişdik. Almanlara qarşı da əzmkarlıq göstərməyə çalışdıq, hər iki görüşdə onların qapısına qol vurduq. Ayrı-ayrı epizodlar üzərində dayanmadan ümumi götürəndə millimizin oyunu yaxşı idi.

-          Seçmə mərhələnin startı bizim üçün xüsusilə yaxşı alındı. Amma sona doğru məğlubiyyətləri sıraladıq. Bəziləri düşünür ki, Prosineçkinin əli işdən soyumuşdu və xorvatiyalı mütəxəssis son oyunlarda komandamıza can yandırmırdı.

-          Bu iddiaları təsdiqləmək və ya inkar etmək üçün komandanın içində olmalısan. Yalnız bundan sonra nəsə demək mümkündür. Amma nə siz jurnalistlər, nə də biz mütəxəssislər işin içində olmamışıq. Ən doğrusunu futbolçular və Prosineçkinin köməkçiləri bilər. Və onun özü. Kənardan apardığımız müşahidələrə əsasən deyə bilərik ki, oyun baxımından əvvəlki qarşılaşmalarla müqayisədə sona doğru geriləmə var idi. Bunun səbəbini müəyyənləşdirmək çox çətindir.

-          Çexlərlə Bakıdakı oyun bizim üçün çox vacib idi. Onları məğlub etməklə qrupda 3 və ya 4-cü sıraya iddiamız sona qədər davam edəcəkdi. Hücum etməli, qol vurmalı olduğumuz oyunda Mahir Mədətovla Ramil Şeydayevin ehtiyatda qalması da birmənalı qarşılanmadı. Onlar ilk dəqiqələrdən meydana çıxsaydılar, hücumda daha fəal oynaya bilərdik?

-          Belə sualların ən doğru cavabı “hər bir məşqçinin öz fikri var”dır. Biz desək ki, “Mahir, yaxud Şeydayev oynasaydı, daha yaxşı olardı”, bunu necə isbatlayarıq? Adətən, məşqçilərin öz planları olur. Çox güman ki, Prosineçkinin çexlərə qarşı hazırladığı planda da Mahirlə Ramilin oyuna sonradan qoşulması, “təzə qan” kimi çıxış etmələri var imiş. Hər bir məşqçidə bu cür fikirlər olur. Kənardan izləyirik və millimizin qələbə qazanmasını ürəkdən istəyirik. Amma komandanın daxilini, hansı futbolçunun həmin gün daha hazırlıqlı olmasını, oyununun taktiki sxeminə uyğun gəlməsini baş məşqçi daha yaxşı bilir.

-          Bu seçmə mərhələ həm də onunla yadda qaldı ki, Rəşad Sadıqov millidəki karyerasını bitirdi. Necə düşünürsünüz, Rəşadı həm müdafiəçi, həm də komandanın lideri kimi əvəzləmək mümkün olacaqmı?

-          Rəşadın millidən getməsi komandaya təsirsiz ötüşməyəcək. 16 il millinin şərəfinə qorumaq və bu müddət ərzində komandanın həm kapitanı, həm də lideri olmaq asan məsələ deyil. Hamı bilir ki, Rəşadın bir sözü bütün futbolçular üçün qanundur. Onu hər kəs sevir, hörmət edirdi. Sadıqov meydanın içində bir məşqçi idi. İstər-istəməz Rəşad kimi bir futbolçunun millidə olmaması öz təsirini göstərəcək. Təcrübəsi və liderlik keyfiyyətləri ilə həmişə fərqlənib. Meyanda kiminsə səhvini görüb, onu “sığortalamağa” çalışıb. Amma müdafiəçi kimi onun yerini mütləq doldurmalıyıq. Müdafiənin mərkəzini boş qoymaq olmaz, ora mütləq bacarıqlı bir futbolçu cəlb edilməlidir. Bədavi Hüseynov illərdir Rəşadla çiyin-çiyinə oynayır, özünü doğruldub. Ruslan Abışovun da mərkəz müdafiəçisi kimi yetərincə təcrübəsi və bacarığı var. Mənə elə gəlir ki, zamanla bu problem həllini tapacaq. O mövqedə oynaya biləcək futbolçularımız yetişir.

-           Artıq milli komandalarla bağlı yeni dönəm başlayıb. Qurban Qurbanovun rəhbərliyi ilə milli komandalarımızda böyük dəyişikliklər baş verir. Bu dəyişikliklərdən nə gözləməliyik?

-          Fürsətdən istifadə edib Qurban Qurbanova uğurlar arzulayıram, onu təbrik edirəm. Çox ağır yükün altına çiyinlərini verib. Onunla birlikdə milli komandada oynamışıq. Bacarığına, məsuliyyətinə bələdəm. Həmişə də onun uğurlarına sevinmişəm. İnsan kimi də böyük hörmətim var. Daim öz üzərində çalşıb və bu günkü pilləyə qədər yüksəlib. Bu cür mütəxəssislərin irəliyə getməsi bizim futbolumuz üçün çox vacibdir. Gözləntilərim də çoxdur. Dəyişikliklər olacaq, müsbət nəticələr görəcəyik. Amma hər şey bir günün içində olmur. Necə ki, “Qarabağ”ı da Çempionlar Liqasının qrupuna qədər zamanla yüksəltdi. Həmin zaman ona millidəki işləri görmək üçün, problemləri həll etməkdən ötrü verilməlidir. Yalnız onun düşündüyü fəlsəfəni tam ortaya qoymasından sonra nəticələr barədə düşünə bilərik. Qurban Qurbanovla yanaşı digər yaş qruplarına da gənc məşqçilər təyinat alıblar. Rəşad Sadıqovu, Zaur Həşimovu, Vüqar Məmmədi və Ramin Quliyevi də təbrik edirəm. Bu gənc mütəxəssislərə də ümidlərimiz böyükdür. Sadəcə, tələsməməliyik.

Fizuli Məmmədovun sözlərində böyük həqiqət var. Son seçmə mərhələnin də nəticələri bunu göstərdi. İlk üç oyunda qazandığımız 7 xalla bütün problemlərin geridə qaldığını, yeni inkişaf mərhələsinə qədəm qoyduğumuzu düşünürdük. Amma davamını gətirə bilmədik. Azərbaycan futbolunun böyük qələbələr qazanması, nəticələrin sabitləşdirilməsi üçün problemlərin həllinə, həmin həll prosesinə isə zaman ayrılmasına ehtiyac var.

 

 Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir