Elis Manolova: "Bir an belə uduzacağımı düşünmürdüm"

Ötən həftə güləşçilərimiz Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında 4 qızıl medal qazanıb.

Sportline.az xəbər verir ki, qadınların yarışında Avropa çempionu Elis Manolova Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibə verib. 

- Çempion olacağını gözləyirdin?

- Çox çətin görüşlər keçirdim. Ancaq yarışa özümü elə hazırlamışdım ki, çempion olacağıma əmin idim. Keçən il Avropa çempionatının finalında hakimlərin köməyi nəticəsində Petra Olli 1-ci oldu. Həmin üzüntünü hələ də unutmamışam. Bu dəfə Olliylə qarşılaşmadan əvvəl özümə dedim ki, bu dəfə mütləq mən qalib gəlməliyəm. Çox xoşbəxtəm. Böyüklər arasında ilk Avropa çempionluğumdur. Məni təbrik edən, mənə dəstək verən, mənim üçün dua edən hər kəsə çox təşəkkür edirəm. Arzularımdan biri də çempion olduqdan sonra Azərbaycan bayrağı ilə xalçada qaçmaq idi. Mükafatlandırma mərasimində göz yaşlarımı saxlaya bilmədim. Mənim üçün duyğusal anlar idi. Bunu heç vaxt unutmayacağam.

- Finalda 0:4 geridəykən və son saniyələrdə hakim qaydalar çərçivəsində qazandığın xalı verməyəndə bir anlıq da olsa, ruh düşkünlüyü, məğlubiyyət qorxusu yaşadınmı?

- Xeyr. Qətiyyən təslim olmadım. Əksinə, bu, məni qələbə üçün daha motivasiyalı etdi. Uduzacağımı bir an belə düşünmürdüm. Sona qədər güləşdim, mübarizə apardım. Hesabda önə çıxacağımı bilirdim. Hakimlərin finalda rumıniyalı güləşçiyə simpatiya bəsləyəcəyini gözləyirdim. Rəqibi xalçadan kənarlaşdırmaqla almalı olduğum xal hesaba alınmayanda görüşün sonuna 17 saniyə qalırdı. Bu, qalib gəlmək istəyən idmançı üçün çox böyük vaxtdır. Bəzi güləşçilər sona 3-4 saniyə qalmış da 2 xal ala bilir. Çox şükür Allaha, mənə bu cəsarəti və gücü verdi. Son saniyələrdə xalımı alıb, hesabı lehimə çevirə bildim.

- 65 kq qeyri-olimpiya kateqoriyasıdır. İyunda Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarında iştirak etmək üçün 62, yoxsa 68 kq-da mübarizə aparmağı planlaşdırırsan?

- 62 kq-da çıxış etməyi düşünürəm.