Güləş komandamızdan daha bir bürünc medal
Azərbaycan millisi Romada keçirilən Yunan-Roma güləşi üzrə Avropa çempionatında növbəti medalını qazanıb.
Sportline.az xəbər verir ki, güləşçimiz Ülvü Qənizadə (72 kq) Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbə ilə başlayıb. Ancaq 1/4 finalda üçqat dünya çempionu, alman Frank Ştebleri məğlub etmək mümkün olmayıb. Titullu rəqib finaladək irəlilədiyindən güləşçi üçüncü yarış günündə - fevralın 12-də təsəlliverici görüşə çıxıb. Ü.Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla (Rusiya) qarşılaşan gənc Azərbaycan güləşçisi əzmkar qələbə qazanaraq millinin hesabına dördüncü bürünc medalı yazıb.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.