Güləşçilərimiz Rusiyada təlim-məşq toplanışını davam etdirir

Sərbəst güləş üzrə Azərbaycan yığması Rusiyanın Mahaçqala şəhərində təlim-məşq toplanışını davam etdirir.

Sportline.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, fevralın 8-dən Dağıstan komandası ilə birlikdə toplanış keçən milli üzvləri həm fiziki, həm də taktiki-texniki hazırlığın yüksəldilməsi üzərində çalışır.

Müştərək toplanış fevralın 25-dək davam edəcək. 18 - 21 martda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlimlərə baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əfqan Xaşalov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) qatılıb. Yığmanın digər üzvləri isə məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda məşqləri davam etdirir.

Qeyd edək ki, sərbəst güləşçilərin bir qismi 26 - 28 fevralda Kiyevdə Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində iştirak edəcək. Bu yarışdan sonra isə Avropa Olimpiya Təsnifat turnirinə son hazırlıq prosesi 1 - 14 martda Bakıdakı Olimpiya Güləş Mərkəzində baş tutacaq.