Güləşçilərimiz dünya çempionatının finalında

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasındakı dünya çempionatında finala yüksəlib.

Sportline.az xəbər verir ki, bunlar 48 kq-da mübarizə aparan Ziya Babaşov və 55-dakı Nihat Məmmədlidir.

Babaşov ardıcıl olaraq Bolqarıstan, Cənubi Afrika Respublikası və Hindistan idmançılarından güclü olub. O, qızıl medal uğrunda görüşdə iranlı Əmirrza Məhəmmədrzanın müqavimətini qırmağa çalışacaq.

Məmmədli isə Ukrayna, Türkiyə, Belarus, Özbəkistan güləşçilərinə şans verməyib. O, həlledici dueldə Hindistan idmançısı Pravin Panduranqla görüşəcək. 

65 kq-da çıxış edən Xasay Həsənli 1/4 finalda iranlı Höcət Həsənə uduzub.

Qeyd edək ki, dünya çempionatında sərbəst güləşçilərdən Cəbrayıl Hacıyev (65 kq) qızıl, Murad Haqverdiyev (45 kq) isə bürünc medal əldə edib.