Güləşçimiz dünya 3-cüsü oldu

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Murad Haqverdiyev dünya çempionatına inamlı qələbəylə başlayıb. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qalibi ilk görüşdə Gürcüstan idmançısına vaxtından əvvəl qalib gəlib. Rusiyalı rəqibi üzərində də əzmkar qələbə qazanan Haqverdiyev adını yarımfinala yazdırıb. Ancaq bu mərhələdə iranlı güləşçiyə uduzan Murad bürünc medal uğrunda mübarizə aparıb. Qırğızıstan təmsilçisi ilə görüşdə əzmkar mübarizə ortaya qoyan Gəncə güləş məktəbinin yetirməsi son saniyələrdə icra etdiyi fəndlə hesabda önə keçərək dünya 3-cüsü olub.

Riad Aslanov üçün debüt uğursuz alınıb. Həmyerlimiz iranlı rəqibinə uduzub. Fərhad Kərimli ilk görüşdə çətinlik çəkmədən makedoniyalı həmkarını üstələyib. Həmyerlimiz 1/4 finalda amerikalı idmançını da məğlub edərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında iran təmsilçisinə məğlub olan Fərhad iyulun 31-də 3-cü yer uğrunda da güləşə bilməyib. Kərimli zədələndiyi üçün medalsız qalıb. Məhəmmədəli Əliyev təsnifat mərhələsində Hindistan güləşçisiylə bacarmayıb.