Olimpiya çempionumuz yarışdan kənarda qaldı

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov və olimpiya mükafatçısı Rəsul Çunayevin Macarıstanın paytaxtı Budapeştdə bu gün başlanacaq Avropa Olimpiya Təsnifat Turnirinə qatılmama səbəbi açıqlanıb.

Sportline.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən Əsgərov fevralda zədələndiyi üçün lisenziya turnirinə yollanmayıb. O, hazırda fərdi məşqlərlə kifayətlənir.

67 kq-dakı Çunayev isə formada olmadığı üçün uzun müddətdir yarışlara qatılmır. O, son olaraq 2019-cu ildə Qazaxıstanın paytaxtı Nur Sultandakı dünya çempionatında çıxış edib.

Macarıstandakı yarışda 74 kq-da Azərbaycanı Hacımurad Hacıyev, 67 kq-da isə İslambek Dadov təmsil edir. Hər iki idmançı legionerdir.

Qeyd edək ki, Toğrul Əsgərov və Rəsul Çunayevin 6 - 9 mayda Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirinə qatılacaqları gözlənilir. Bu, Hacıyev və Dadovun Budapeştdən lisenziyasız qayıdacağı təqdirdə gerçəkləşəcək.

Avropa Olimpiya Təsnifat Turnirinə martın 21-də yekun vurulacaq.