Olimpiya çempionumuz zədələnib

Sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun Kiyev turnirinə qatılmamasının səbəbi müəyyənləşib.

Sportline.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı zədə ilə əlaqədar yarışdan kənarda qalıb.

Əsgərov məşqdə zədələndiyindən, Rusiyanın Mahaçqala şəhərindəki təlim-məşq toplanışını da buraxmalı olub. Hazırda məşqsiz qalan və zədəsini bərpa etməyə çalışan təcrübəli güləşçi Kiyevdə 79 kq çəki dərəcəsində çıxış etməyi planlaşdırıb. Lakin zədəsinin sağalmaması, onu yarışdan kənarda qoyub.

Yığmanın kapitanı 97 kq-da mübarizə aparan Şərif Şərifov isə 4 - 7 martda İtaliyadakı turnirə qatılacağı üçün Kiyevə yollanmayıb. Azərbaycanın ən titullu qadın güləşçisi və Tokio olimpiadasına lisenziya qazanan Mariya Stadnik isə özünü 19 - 25 apreldə Polşanın paytaxtı Varşavadakı Avropa çempionatına saxlayıb.

Qeyd edək ki, Kiyev turnirində Azərbaycanın 21 güləşçisi qüvvəsini sınayacaq.