Onur Quluzadə: "Avropa çempionu olacağam"
“İnanıram ki, qarşıdakı Avropa çempionatında qızıl medal qazanacağam”.
Bunu Sportline.az saytına açıqlamasında Xorvatiyada keçirilən “Avropa Gənclər Seriyası” turnirinin bürünc mükafatçısı Onur Quluzadə deyib. İstedadlı stolüstü tennisçi Osiyek sınaqlarında qrup mərhələsini lider kimi adlayıb. Növbəti mərhələlərdə də inamlı qələbələr qazanan Quluzadə, yalnız yarımfinalda Çin əsilli almaniyalı rəqibinə uduzaraq bürünc medala layiq görülüb.
“Yarımfinaldakı rəqibimin sadəcə bəxti gətirdi. Qarşıdakı yarışlarda daha yaxşı nəticələr göstərmək əzmindəyəm. Bu turnir may ayında keçiriləcək Avropa çempionatında hazırlıq xarakteri daşıyırdı. İnanıram ki, qitə birinciliyində qızıl medal qazanacağam”, - deyə idmançı planlarından söz açıb.
Qeyd edək ki, Onur Quluzadə Avropanın ən istedadlı stolüstü tennisçilərindən biri sayılır.