Rəşad Sadıqov - futbolumuzun ən əsrarəngiz, ziddiyətli romanı

Əslində, bu yazını hələ oyundan qabaq yazmaq istəyirdim. İstəyirdim ki, beynimdə bir neçə gün davam "avtoqol" linçləməsini "duraldım"... Ki, əmindim bu oyunda Rəşad nəyisə bir daha sübut edəcək...

...əslində onun nəyisə sübut etməsinə də gərək yoxdu. Təbii ki, ondan daha istedadlılar da olub, perskpektivlisi də, çalışqanı da. Amma onda olan xarakter heç kimdə olmayıb. Ki, buna qayıdacam...

Onunla 2008-ci ildə tanış olmuşam. Futbolsuz günləri idi, bir jurnalistin toyuna eyni maşında getmişdik. O zamanların yetərincə populyar futbolçusu basketbol oynamağa məcbur olmasına rəğmən, olduqca nikbin, hətta inamlı idi. Yolboyu hətta zarafat etməkdən də çəkinməyərək karyerasını bitirmə uçurumunu belə sonsuz vahəyə çevirmişdi.

Nəsə, məsələ o deyil. 2009-da məlum "Rusenborq" oyunundan öncə "Qarabağ"a gələndə belə çoxları artıq onun erasını bitmiş sayırdı. Amma o neynədi? Gənc azərbaycanlılarla inanılmazı bacardı. İl ərzində ona edilən tənələr, mənəvi basqılara ilahi zərbəylə möhtəşəm qələbəni gətirdi.

Norveçlə oyundan sonra məlum avtoqol tənələrindən sonra 8 il öncəki məlum oyunu xatırladım. Əmindim ki, yenə nəsə edəcək. Və bu gün cərimə zərbəsi zamanı topa yaxınlaşarkən baxışlarındakı qətiyyət hesabın dəyişəcəyindən xəbər verirdi.

Nə qədər təzadlı səslənsə də, kapitanın nömrəsi məndə yoxdu, yəni "çaşka-loşka" deyilik. Üst-üstə düşməyən fikirlərimiz də var. Məsələn, bəzilərinə adının özüylə aşırı səsləşməsinə imkan verir, deyəndə boş verməyi tövsiyə edir. Demək olar ki, oyundan-oyuna salamlaşırıq, amma...

Bunu "Slovan"la Bakıda keçirilən oyundan sonra da yazmışdım. Rəşad Sadıqov fenomeni əsla pul, şan-şöhrət, populyarlıq üzərinə formalaşmayıb. Nə zamansa onun maddi tələblərini eşitmisizmi? Əsla. O bugünə qədər saysız-hesabsız əməliyyatları, haqlı-haqsız, özünü aşan basqılara sırf xarakterinə görə qalib gəlib. Məğlub olmaq istəməyib, məğrurluğu bədənini, fiziki imkanlarını belə aşıb. Uğursuzluqlara boyun olub, başarıda kölgəyə çəkilib.

Bugün qolun hansı komandanın qapısına vurulması önəmli deyil. Önəmli olan məsuliyyəti hiss etməkdi. Təbii ki, o da nə zamansa yaşıl meydanlara kapitan kimi çıxmayacaq. Amma adamı yaşına görə dəyərləndirmək 37 yaşında klub dəyişən Con Terriyə haqsızlıqdı.

Hərkəs tənqid edilə bilər, tənqid etmək də həmçinin. Sadəcə, qurunun oduna yaşı yandırmaq isti verməyəcək, göz tutuşduracaq. Bu nə Rəşadın, nə də başqasının problemidi. Terimizi itirmək yerimizdə saymağa gətirir.

Bugün Rəşadın alternativinin olmaması futbol(çun)un yox, xarakter çatışmazlığının göstəricisidi. Böyük şəxsiyyət istedad və ya çalışqanlıqla deyil, hər 2-sinin birləşməsiylə olur. İstər futbolçu, istər məşqçi həmkarları (yenicə başlasa da, zaman fərqi göstərəcək) şanssızlıqdan, imkansızlıqdan şikayətlənəndə, Rəşad durmadan öz üzərində çalışır(dı). Başqaları futbol uğurunu əyləncə masalarında xərcləyəndə o əməliyyat stollarından növbəti əzmkarlığını nümayiş etditmək üçün qalxdı.

O, şübhəsiz müstəqil futbolumuzun ən əsrarəngiz, ziddiyətli romanıdı: oxunacaq yox, mütaliə ediləcək..

İstəsək də, istəməsək də o kitabı özü bitirəcək. Gələcək nəsillərə miras qalacaq bir əsər kimi. Amma inanın ki, bu roman nə qədər uzun olsa, darıxdırıcı yox, yaddaqalan və faydalı olacaq..

Təbii ki, Rəşad da karyerasını bitirəcək, ondan daha istedadlıları da gələcək. Amma əsla 2-ci bir Rəşad Sadıqov olmayacaq, gəlməyəcək.