Stolüstü tennisçilər beynəlxalq yarışda 10 medal qazanıblar

Stolüstü tennisçilərimiz Türkiyədə keçirilən beynəlxalq yarışda etimadı layiqincə doğruldublar.

Sportline.az xəbər verir ki, seçmə komandamızın üzvləri Nevşehirdə təşkil olunan “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanıblar. İlk olaraq U-13 komandamızın 2-ci, U-15 komandamızın isə 3-cü yer tutduğu haqda məlumat vermişik. İdmançılarımız yarışın son günlərində daha 8 mükafata layiq görülüblər. Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb. Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub. 

Onur Quluzadə ilə Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yeri tutub. 
Tunar Bağırovla Uğur Nəzərli,  Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 

Beləliklə komandamız “Avropa Gənclər Seriyası 2024” yarışını 1 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurub.