Stolüstü tennisçilərimiz mükafatlandırılıblar

Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasında tədbir keçirilib.

Sportline.az-a ASTF-dən verilən məlumata görə, federasiyanın vitse-prezidenti Elmar İslam, baş katibi Könül Mikayılova və məşqçilər heyətinin qatıldığı tədbirdə əvvəlcə qızlardan ibarət seçmə komandanın üzvlərinə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyələr təqdim olunub. Ardınca son beynəlxalq yarışlarda etimadı doğruldan idmançılar və milli komandanın məşqçiləri mükafatlandırılıblar. Onlara qarşıdakı yarışlarda da uğurlar arzulanıb, lazımi tövsiyyələr verilib.

Xatırladaq ki, seçmə komandanın üzvləri fevral ayında qatıldıqları nüfuzlu tunirlərdə 3 medal qazanıblar. Onur Quluzadə Əlcəzairdə keçirilən dunya seriyalı “WTT Youth Contender” yarışında qızıl, Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Avropa Gənclər Seriyası” turnirində bürünc medala layiq görülüb. Yagmur Məmmədli isə Əlcəzairdəki yarışda fəxri kürsünün ikinci pilləsinə qalxıb.